Aprel 3.mp3

Yeşua 13

1 Yeşua qocalıb yaşa dolmuşdu. Rəbb ona dedi: «Sən qocalıb yaşa dolmusan, ancaq mülk olaraq almaq üçün olduqca çox yer qalıb.

2 Qalan yerlər bunlardır: Filiştlilərin bütün əyalətləri, Geşurluların bütün torpaqları; 3 Misir qarşısında olan Şixor çayından şimala tərəf Kənanlıların torpağı sayılan Eqron sərhədinə qədər torpaqlar; Filiştlilərin beş ağasına məxsus Qəzzəlilərin, Aşdodluların, Aşqelonluların, Qatlıların torpaqları və Eqronluların ağalarına məxsus torpaqlar; Avvalıların torpağı; 4 cənubda bütün Kənan torpağı, Sidonlulara məxsus Mearadan Afeqə – Emorluların sərhədlərinə qədər olan torpaqlar; 5 Gevallıların torpağı, Xermon dağı ətəyində olan Baal-Qaddan Xamat keçidinə qədər gün doğana tərəf bütün Livan; 6 * Livandan Misrefot-Mayimə qədər bütün dağlıq əhalisi və bütün Sidonluları da İsrail övladlarının qarşısından Mən qovacağam. Ancaq sənə əmr etdiyim kimi bu torpaqları İsraillilərə irs olaraq böl. 7 İndi bu yerləri doqquz qəbilə ilə Menaşşe qəbiləsinin yarısına irs olaraq böl».

8 * Menaşşe qəbiləsinin yarısı ilə birgə Ruvenlilər və Qadlılar Musanın İordan çayının şərq tərəfində onlara verdiyi irs torpaqları, Rəbbin qulu Musanın onlara verdiyi bu torpaqları almışdılar: 9 Arnon vadisi kənarında olan Aroerdən vadinin ortasında olan şəhərlə Divona qədər bütün Medva yaylası; 10 Ammonluların sərhədinə qədər Xeşbonda hökmranlıq edən Emorluların padşahı Sixonun bütün şəhərləri; 11 Gilead, Geşurlular və Maakatlıların torpaqları, bütün Xermon dağı, Salkaya qədər bütün Başan; 12 Aştarot və Edreidə hökmranlıq edən, sağ qalan Rafalılardan biri olan Oqun Başandakı bütün torpaqları; Musa bütün bu torpaqlarda yaşayanları döyüşlə qovmuşdu. 13 Ancaq İsraillilər Geşurluları və Maakatlıları qovmadılar. Geşurlularla Maakatlılar bu günə qədər İsraillilər arasında yaşayır.

14 * Amma Levi qəbiləsinə irs olaraq torpaq verilmədi, çünki Rəbbin Musaya dediyi kimi onların irsi İsrailin Allahı Rəbb üçün gətirilən yandırma təqdimləridir.

15 Musa Ruven övladlarının qəbiləsinə nəsillərinə görə pay verdi. 16 Onların sərhədi belə idi: Arnon vadisi kənarındakı Aroerdən, bu vadinin ortasındakı şəhər və Medva yanında olan bütün yayla; 17 Xeşbon və yaylada yerləşən şəhərlərin hamısı – Divon, Bamot-Baal, Bet-Baal-Meon, 18 Yahsa, Qedemot, Mefaat, 19 Qiryatayim, Sivma, dərə dağında olan Seret-Şahar, 20 Bet-Peor, Pisqa yamacları, Bet-Yeşimot, 21 bu yaylanın bütün şəhərləri, Xeşbonda hökmranlıq edən Emorlular padşahı Sixonun bütün ölkəsi idi. Musa Sixonu və Midyan başçıları olan və onun ölkəsində yaşayan ağaları – Evini, Reqemi, Suru, Xuru, Revanı öldürdü. 22 İsrail övladları öldürdükləri adamlarla birgə Beor oğlu falçı Bilamı da qılıncdan keçirtdilər. 23 Ruven övladlarının sərhədi İordan çayı ilə sahil torpaqları idi. Ruven övladlarının nəsillərinə görə irsi olan şəhərlər və onların kəndləri bunlar idi.

24 Musa Qad qəbiləsinə, Qad övladlarına nəsillərinə görə torpaq verdi. 25 Onların sərhədi isə belə idi: Yazer, Gileadın bütün şəhərləri və Rabba qarşısında olan Aroerə qədər Ammon övladları ölkəsinin yarısı; 26 Xeşbondan Ramat-Mispa və Betonimə qədər; Maxanayimdən Devir sərhədinə qədər; 27 dərədə Bet-Haram, Bet-Nimra, Sukkot, Safon, Xeşbon padşahı Sixonun ölkəsinin qalan hissəsi, İordan çayı ilə onun sahil torpaqları, İordan çayının şərq tərəfindən Kinneret gölünün cənub sahilinə qədər. 28 Qad övladlarının nəsillərinə görə torpaq irsi olan şəhərlər və onların kəndləri bunlar idi.

29 Musa Menaşşe qəbiləsinin yarısına torpaq verdi ki, bu da Menaşşe övladları qəbiləsinin yarısı üçün, nəsillərinə görə idi. 30 Onların torpağı Maxanayimdən, bütün Başan diyarı, Başan padşahı Oqun bütün ölkəsi və Başanda olan Yairin bütün qəsəbələri də daxil olmaqla altmış şəhər idi. 31 Gileadın yarısı Başan padşahı Oqun ölkəsindəki Aştarot və Edrei şəhərlərini də əhatə edirdi. Bunlar Menaşşe oğlu Makir övladlarına nəsillərinə görə Makir övladlarının yarısına verilmək üçün idi.

32 Yerixo şəhərinin qarşısında, İordan çayının şərq tərəfindəki Moav düzənliklərində Musanın böldüyü irs olan torpaqlar bunlar idi. 33 * Ancaq Musa Levi qəbiləsinə irs olaraq torpaq vermədi. Rəbbin onlara dediyi kimi İsrailin Allahı Rəbb Özü onların irsidir.

Yeşua 14:1-14:5

1 İsrail övladları Kənan torpağından irs olaraq aldıqları torpaqlar bunlardır; bu torpaqları kahin Eleazar, Nun oğlu Yeşua və İsrail övladları qəbilələrinin nəsil başçıları, 2 * Rəbbin Musa vasitəsilə buyurduğu kimi doqquz qəbilə və bir qəbilənin yarısı üçün irs olaraq püşk ilə böldülər. 3 * Çünki Musa iki qəbilə ilə yarım qəbilənin irs olan torpağını İordanın şərq tərəfində onlara vermişdi, lakin onların arasında Levililərə irs olaraq torpaq verməmişdi. 4 Çünki Yusif övladları Menaşşe və Efrayim qəbiləsindən ibarət iki qəbilə oldu. Bundan sonra Levililərə yaşamaqdan ötrü şəhərlərdən, sürüləri və naxırları üçün otlaqlardan başqa heç bir torpaq hissəsi verilmədi. 5 İsrail övladları Rəbbin Musaya buyurduğu kimi etdilər və torpağı bölüşdürdülər.



Luka 9:18-9:36

Peterin Məsihi tanıması

18 Bir gün İsa tək dua edirdi. Şagirdlər də yanında idi. İsa onlardan soruşdu: «Camaatın dediyinə görə Mən kiməm?» 19 *Onlar belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib». 20 *İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter cavab verdi: «Sən Allahın Məsihisən». 21 İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar.

İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir

22 O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir».

23 *Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün* çarmıxını götürüb ardımca gəlsin. 24 *Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək. 25 İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var? 26 Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq. 27 Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək».