Dekabr 3.mp3

Yezekel 45:9-45:25

9 Xudavənd Rəbb belə deyir: “Ey İsrail rəhbərləri, artıq bəsdir! Zorakılıqdan və ziyankarlıqdan əl çəkin, ədalətli və saleh əməllər edin. Xalqımı öz torpaqlarından qovmayın” Xudavənd Rəbb belə bəyan edir. 10 * “Düzgün tərəzi ilə çəkin. Çəkdiyiniz efa da, bat da düzgün olsun. 11 Efa ilə bat eyni çəkidə olsun. Bat xomerin onda birinə, efa da xomerin onda birinə bərabər olmalıdır. İkisinin çəkisi də xomerə görə olsun. 12 Bir şekel iyirmi geraya bərabər olmalıdır. İyirmi, iyirmi beş, on beş şekel birlikdə bir minaya bərabər olmalıdır.

13 Gətirəcəyiniz təqdimlər bunlardır: hər xomer buğdadan efanın altıda biri qədər buğda, hər xomer arpadan efanın altıda biri qədər arpa verin. 14 Zeytun yağını isə bat çəkisinə görə ölçün və hər kor zeytun yağından batın onda biri qədər təqdim edin. Bir kor on bat yaxud bir xomerə bərabərdir. 15 İsrailin sulu otlaqlarındakı sürüdən iki yüz qoyundan bir qoyun götürülsün. Bu qoyunlardan taxıl təqdimləri, yandırma qurbanları və ünsiyyət qurbanları üçün istifadə edilsin ki, xalq kəffarə olunsun” Xudavənd Rəbb belə bəyan edir. 16 “Bütün ölkə xalqı bu təqdimi İsrail rəhbərinə verəcək. 17 İsraildə keçirilən bütün bayramlarda – şənliklərdə, Təzə Ay mərasimlərində və Şənbə günlərində yandırma qurbanları, taxıl və içmə təqdimlərini təmin etmək rəhbərin işi olacaq. Günah qurbanını, taxıl təqdimini, yandırma qurbanını və ünsiyyət qurbanlarını rəhbər təmin edəcək ki, İsrail nəsli üçün kəffarə versin”.

18 Xudavənd Rəbb belə deyir: “Birinci ayın birinci günü qüsursuz bir buğa götürüb Müqəddəs məkanı pak et. 19 Kahin günah qurbanının qanından götürüb məbədin darvazasının yan taxtalarına, qurbangahın üst çıxıntısının dörd küncünə, içəri həyətin darvazasının yan taxtalarına sürtsün. 20 Səhvən yaxud bilmədən günah etmiş adam üçün də həmin ayın yeddinci günü eyni şeyi et. Beləcə məbədi pak edəcəksən.

21 * Birinci ayın on dördüncü günü Pasxa bayramını yeddi gün keçirin və mayasız çörək yeyin. 22 O gün rəhbər özü və bütün ölkə xalqı üçün günah qurbanı olaraq bir buğa hazırlasın. 23 Yeddi gün bayram ərzində hər gün Rəbbə yandırma qurbanı olaraq qüsursuz yeddi buğa ilə yeddi qoç, günah qurbanı olaraq bir təkə təmin etsin. 24 Taxıl təqdimi olaraq hər buğa və qoç üçün bir efa taxıl, hər efa üçün bir hin zeytun yağı təmin etsin.

25 * Yeddinci ayın on beşinci günü başlayan və yeddi gün davam edən bayramda rəhbər günah qurbanlarını, yandırma qurbanlarını, taxıl təqdimlərini və zeytun yağını hər gün eyni miqdarda təmin etsin”.

Yezekel 46

1 Xudavənd Rəbb belə deyir: “İçəri həyətin şərqə baxan darvazası altı iş günü bağlı qalmalı, Şənbə günləri və Təzə Ay mərasimi günləri isə açıq olmalıdır. 2 Rəhbər bayırdan, darvaza eyvanı yolundan içəri girib darvazanın yan taxtalarının yanında dursun. Kahinlər onun yandırma qurbanını və ünsiyyət qurbanlarını təqdim etsin. Rəhbər darvaza kandarında ibadət etsin, sonra bayıra çıxsın, ancaq darvaza axşama qədər açıq qalsın. 3 Şənbə günləri və Təzə Ay mərasimi günləri ölkə xalqı bu darvazanın girişində Rəbbin önündə ibadət etsin.

4 Rəhbər Şənbə günü Rəbbə yandırma qurbanı olaraq verdiyi qüsursuz altı quzu, bir qoç təqdim etsin. 5 Qoç üçün veriləcək taxıl təqdimi bir efa olsun, quzular üçün isə istədiyi qədər taxıl təqdimi verə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin. 6 Təzə Ay mərasimi günü qüsursuz bir buğa, altı quzu və bir qoç qurban gətirsin. 7 Buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl təmin etsin. Quzular üçün istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı təmin etsin. 8 Rəhbər içəri girəcəyi zaman darvaza eyvanından girsin, həmin yolla da bayıra çıxsın.

9 Ölkə xalqı bayramlarda Rəbbin önünə gəldiyi zaman ibadət etmək üçün şimal darvazasından girən adam cənub darvazasından çıxsın, cənub darvazasından girən adam şimal darvazasından çıxsın. Heç kəs girdiyi darvazadan çıxmasın, hər kəs girdiyi darvazanın qarşısındakı darvazadan çıxsın. 10 Rəhbər xalqın arasında olsun, xalqla birgə girsin, xalqla birgə çıxsın. 11 Bayramlarda və müqəddəs günlərdə buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl versin. Quzular üçün isə istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin.

12 Rəhbər Rəbbə könüllü olaraq verdiyi yandırma qurbanı yaxud ünsiyyət qurbanları təqdim edəcəyi zaman şərqə baxan darvaza onun üzünə açılsın. Yandırma qurbanı yaxud ünsiyyət qurbanlarını Şənbə günü qurban gətirdiyi kimi təmin etsin, sonra bayıra çıxsın. O çıxdıqdan sonra darvaza bağlansın.

13 Hər gün səhərlər yandırma qurbanı olaraq Rəbbə bir yaşında qüsursuz bir quzu təmin et. 14 Bununla yanaşı, hər səhər taxıl təqdimi olaraq efanın altıda biri qədər taxıl və narın unu islatmaq üçün bir hinin üçdə biri qədər zeytun yağı təmin et. Bu taxıl təqdiminin Rəbbə verilməsi daimi bir qayda olsun. 15 Beləcə hər səhər daimi yandırma qurbanı olaraq quzu, taxıl təqdimi və zeytun yağı təmin edilsin”.

16 Xudavənd Rəbb belə deyir: “Əgər rəhbər oğullarından birinə öz mülkündən pay verərsə, öz irsi kimi nəslinə də keçsin, irs olaraq bu pay onların mülkü olsun. 17 * Lakin rəhbər öz mülkündən qulluqçularından birinə pay verərsə, bu pay azadlıq ilinə qədər qulluqçununku olsun, sonra isə rəhbərə qaytarılsın. Rəhbərin irsi ancaq oğullarına keçə bilər və onların olsun. 18 Lakin rəhbər xalqı mülkündən qovaraq irsindən məhrum etməməlidir. O, oğullarına yalnız öz mülkündən irs verə bilər, ona görə ki xalqımdan olan heç kəs mülkünü tərk edib kənara getməsin”».

19 Sonra o adam məni darvazanın yanındakı girişdən şimala baxan, kahinlərə məxsus müqəddəs otaqlara gətirdi və mənə qərb tərəfdə bir yer göstərdi. 20 O mənə dedi: «Kahinlərin təqsir qurbanı ilə günah qurbanının ətini qaynadacaqları və taxıl təqdimini bişirəcəkləri yer buradır. Ona görə ki bunları bayır həyətə çıxarıb xalqı təqdis etməsinlər».

21 Sonra o adam məni bayır həyətə çıxarıb həyətin dörd küncündən keçirdi. Gördüm ki, həyətin hər küncündə kiçik bir həyət var. 22 Həyətin dörd küncündə olan bu qapalı həyətlərin hər birinin uzunluğu qırx, eni isə otuz qulac idi. Künclərdəki həyətlər eyni boyda idi. 23 Dörd həyətin hər birinin ətrafında daş divar var idi. Divarın dibində yemək bişirmək üçün yerlər düzəldilmişdi. 24 O adam mənə dedi: «Bunlar mətbəxdir. Məbəd xidmətçiləri xalqın qurbanlıq ətlərini burada qaynadacaq».



1 Yəhya 1:1-2:11

1 Yəhya 1