Fevral 3.mp3

Çıxış 29

1 Mənə kahinlik etmək üçün onları bu qaydada təqdis et. Qüsursuz bir buğa və iki qoç götür. 2 Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş mayasız qoğalları narın buğda unundan hazırla. 3 Onları bir səbətin içinə qoy, buğa və iki qoçla birgə təqdim et. 4 Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur. 5 Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun kəmərini belinə bağla. 6 Onun başına çalmanı, çalmaya da müqəddəslik tacını qoy. 7 Məsh yağını götürüb Harunun başına tök və onu məsh et. 8 Sonra oğullarını gətir və onlara xirqələr geyindir. 9 Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy.

10 Sonra Hüzur çadırının önünə buğanı gətir. Qoy Harunla oğulları əllərini buğanın başına qoysunlar. 11 Buğanı Rəbbin önündə, Hüzur çadırının girişində kəs. 12 Buğanın qanından götür və barmağınla qurbangahın buynuzlarına çək. Qanın qalan hissəsini isə qurbangahın altlığına tök. 13 Heyvanın içalatını örtən bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəyini və üstündəki piyi qurbangahda tüstülədib yandır. 14 Buğanın ətini, dərisini və bağırsağını düşərgənin kənarında yandır. Bu, günah qurbanıdır.

15 Bir qoç da götür; qoy Harunla oğulları əllərini qoçun başına qoysunlar. 16 Sonra qoçu kəs, qanını götür və onu qurbangahın hər tərəfinə səp. 17 Qoçu parça-parça doğra, içalatını və budlarını yuyub, tikələrinin və başının üstünə qoy. 18 * Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün yandırma qurbanı, Onun xoşuna gələn ətir – yandırma təqdimidir.

19 Sən o biri qoçu da götür, Harunla oğulları əllərini onun başına qoysunlar. 20 Sonra qoçu kəs; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, oğullarının sağ qulaq mərcəklərinə, onların sağ əllərinin və sağ ayaqlarının baş barmaqlarına çək. Qoçun qanını qurbangahın hər tərəfinə səp. 21 Qurbangahdakı qandan və məsh yağından götürüb Haruna və onun geyimlərinə, oğullarına və onların geyimlərinə çilə. Beləcə Harun və onun geyimləri, oğulları və onların geyimləri təqdis olunsun.

22 Sonra qoçun piyini, quyruğunu, içalatını örtən piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəyini, üstündəki piyi və sağ budunu götür. Çünki bu təqdis qoçudur. 23 Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir yastı çörək kökəsi, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götür. 24 Bunların hamısını Rəbbin hüzurunda yellədərək təqdim etmək üçün Harunun və onun oğullarının əllərinə qoy. 25 Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir – yandırma təqdimidir. 26 Harunun təqdis qurbanı olan qoçdan döş ətini götürüb Rəbbin hüzurunda yellədərək təqdim et. Bu sənin payındır. 27 Harunla oğullarının təqdis qurbanı olan qoçdan yellədilən döş ətini və qaldırılan budu təqdis et. 28 Bu qaldırılan pay Harunla övladlarının İsraillilərdən gələn əbədi pay olsun. Bu da İsrail övladlarının ünsiyyət qurbanlarından Rəbbə qaldırılan pay olsun.

29 Harunun müqəddəs geyimləri özündən sonra oğullarına qalsın ki, onları geyərək məsh olunub vəzifəyə qoyulsunlar. 30 Onun yerinə kahin olub Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olan oğlu yeddi gün o geyimləri geysin.

31 Təqdis qurbanı olan qoçun ətini götür və müqəddəs bir yerdə qaynat. 32 Harunla oğulları o qoçun ətini və səbətdə olan çörəyi Hüzur çadırının girişində yesinlər. 33 Özlərini vəzifəyə qoyub təqdis edəndə günahlarının kəffarə olması üçün istifadə edilən bu şeyləri onlar yesin; amma yad adamlar bunları yeməsin, çünki bu şeylər müqəddəsdir. 34 Əgər təqdis qurbanının ətindən və çörəkdən səhərə qədər qalarsa, qalığını yandır; bu şeylər yeyilməz, çünki müqəddəsdir. 35 Mən sənə necə əmr etmişəmsə, o cür də Harunla oğulları üçün et.

Onların vəzifəyə keçmə vaxtını yeddi gün davam etdir. 36 Hər gün kəffarə üçün günah qurbanı olaraq bir buğa gətir. Qurbangah üçün kəffarə edərək onu pak et və təqdis etmək üçün məsh et.

37 Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq.

38 Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir. 39 Toğlunun birini səhər, digərini isə axşamçagı təqdim et. 40 Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir. 41 Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir. 42 Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam. 43 Orada Mən İsrail övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq. 44 Mən Hüzur çadırını və qurbangahı təqdis edəcəyəm; Harunla oğullarını da təqdis edəcəyəm ki, Mənə kahinlik etsinlər. 45 İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam. 46 Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm.

Çıxış 30

1 Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəlt. 2 Qoy uzunluğu bir qulac eni də bir qulac, hündürlüyü isə iki qulac olsun, buynuzları onunla bir hissədən olsun. 3 Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla ört və ətrafına qızıl zolaq qoy. 4 Onun üçün iki qızıl halqa düzəlt; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəlt. Bu onu aparan şüvüllərin keçdiyi yerlər olsun. 5 Şüvülləri əbrişim ağacından düzəlt və qızılla ört. 6 Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy.

7 Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman, 8 həm də axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə daimi buxur təqdimidir. 9 Onun üstündə nə yad buxur, nə yandırma qurbanı, nə də taxıl təqdimi gətirin; içmə təqdimi də tökməyin. 10 İldə bir dəfə Harun günah üçün kəffarə qurbanının qanını qurbangahın buynuzlarına çəkərək qurbangah üçün kəffarə etsin. Nəsildən-nəslə, ildən-ilə bir dəfə belə etsin. Qurbangah Rəbb üçün ən müqəddəsdir».

11 Rəbb Musaya belə dedi: 12 «İsrail övladlarını siyahıya aldığın zaman sayılan hər bir adam öz həyatının əvəzini Rəbbə versin ki, sayıldıqlarına görə aralarında bəla olmasın. 13 * Sayılmış adamlara daxil olan hər kəs yarım şekel gümüş versin. Bu, iyirmi geradan ibarət olan Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu yarım şekel Rəbbin payıdır. 14 İyirmi və ondan yuxarı yaşda sayılmış adamlar arasından hər bir kişi bu payı Rəbbə versin. 15 Həyatlarınızı kəffarə etmək üçün Rəbbin payını verəndə varlı yarım şekeldən çox, kasıb yarım şekeldən əskik verməsin. 16 Bu kəffarə pulunu İsrail övladlarından götürüb Hüzur çadırının ibadəti üçün təyin et. Bu, həyatlarınızı kəffarə etmək üçün Rəbbin önündə İsrail övladlarının xatirəsi olacaq».

17 Rəbb Musaya belə dedi: 18 «Yuyunmaq üçün bir tunc ləyən düzəlt. Qoy altlığı da tuncdan olsun. Onu Hüzur çadırı ilə qurbangahın arasına qoy, içini də su ilə doldur ki, 19 Harunla oğulları əl-ayaqlarını o su ilə yusunlar. 20 Onlar Hüzur çadırına daxil olduğu zaman su ilə yuyunsunlar, yoxsa öləcəklər. Xidmət etmək və Rəbb üçün yandırma təqdimi tüstülədib yandırmaq üçün qurbangaha yaxınlaşanda da 21 əl-ayaqlarını yusunlar, yoxsa öləcəklər. Bu, Harunla övladları üçün nəsildən-nəslə əbədi qayda olsun».

22 * Rəbb Musaya dedi: 23 «Bu gözəl ətriyyatlardan götür: beş yüz şekel duru mirra, onun yarısı qədər iki yüz əlli şekel ətirli darçın, iki yüz əlli şekel ətirli qamış 24 və beş yüz şekel Çin darçını, hər şey Müqəddəs yerdəki şekelə görə sayılsın; həm də bir hin zeytun yağı. 25 Bunların hamısından müqəddəs məsh yağı hazırla; bu ətriyyatçının tərtib etdiyi ətriyyat, müqəddəs məsh yağı olacaq. 26 Həmin yağla bunları məsh et: Hüzur çadırını, Şəhadət sandığını, 27 masanı və onun bütün ləvazimatını, çıraqdanı və onun əşyalarını, buxur qurbangahını, 28 yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, tunc ləyəni və onun altlığını. 29 Beləcə bu şeyləri təqdis et ki, ən müqəddəs olsunlar; onlara toxunan hər şey müqəddəs olacaq. 30 Harunla oğullarını da məsh edərək təqdis et ki, Mənə kahinlik etsinlər.

31 İsrail övladlarına belə de: “Bu sizin üçün nəsildən-nəslə Mənə müqəddəs məsh yağı olacaq. 32 Bu yağ insan bədənlərinə tökülməsin. Tərkibinə görə ona bənzər heç nə hazırlamayın. Bu yağ müqəddəsdir, onu müqəddəs sayın. 33 Ona bənzərini düzəldən yaxud onu kənar şəxsin üzərinə tökən hər kəs xalqı arasından qovulsun”».

34 Sonra Rəbb Musaya dedi: «Bu ətirli maddələrdən götür: balzam, onika, ilan kölgəsi, xalis kündür; hər şey eyni miqdarda olsun. 35 Bunların hamısından buxur hazırla; ətriyyatçının düzəltdiyi bu qatışıq duzlanmış, təmiz və müqəddəs olsun. 36 Ondan bir qədərini narın döy və Mənim səninlə görüşəcəyim yer olan Hüzur çadırında Şəhadət sandığının önünə qoy. Bu sizin üçün ən müqəddəs olsun. 37 Hazırladığın buxurun tərkibinə görə özünüz üçün buxur hazırlamayın; bunu Rəbb üçün müqəddəs sayın. 38 Ona bənzər olan ətir vurmaq üçün hazırlayan hər kəs xalqın arasından qovulsun».