İyun 4.mp3

2 Padşahlar 20

1 O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”». 2 Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi: 3 «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı. 4 Yeşaya hələ orta həyətdən çıxmamış ona Rəbbin bu sözü nazil oldu: 5 «Qayıt, Mənim xalqımın hökmdarı Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. İndi Mən səni sağaldıram və üçüncü gün Rəbbin məbədinə qalxacaqsan. 6 Sənin ömrünü on beş il artırıram. Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam, onu Özüm üçün və qulum Davudun xatirinə qoruyacağam”». 7 Sonra Yeşaya «əncir kündəsi götürün» dedi. Bunu götürüb çibanın üstünə qoydular və padşah sağaldı.

8 Xizqiya Yeşayaya demişdi: «Rəbbin məni sağaldacağına və üçüncü gün Rəbbin məbədinə qalxacağıma əlamət nədir?» 9 Yeşaya dedi: «Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: sənin istəyinə görə kölgə ya on dərəcə qabağa gedəcək ya da on dərəcə geri çəkiləcək». 10 Xizqiya dedi: «Kölgə üçün on dərəcə qabağa getmək asandır. Qoy on dərəcə geri çəkilsin». 11 Peyğəmbər Yeşaya Rəbbi çağırdı, Rəbb də Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəni on dərəcə geri çəkdi.

12 O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini eşitmişdi. 13 Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan bütün şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarını elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün ölkəsində onlara göstərmədiyi bir şey qalmadı.

14 Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib ona dedi: «Bu adamlar nə dedilər? Sənin yanına haradan gəldilər?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər». 15 Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı».

16 Yeşaya Xizqiyaya dedi: «Rəbbin sözünü dinlə: 17 * “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb. 18 * “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaq”». 19 Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq. Bu, yaxşı deyilmi?»

20 Xizqiyanın qalan işləri, onun bütün hünəri, hovuz və su kəməri düzəldib suyu necə şəhərə gətirməsi barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 21 Xizqiya ataları ilə uyudu və yerinə oğlu Menaşşe padşah oldu.

2 Padşahlar 21:1-21:26a

1 Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi. Anasının adı Xefsivah idi. 2 * O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi. 3 Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi. İsrail padşahı Axav kimi Baal bütü üçün qurbangahlar qurdu və Aşera bütü düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi. 4 * Rəbbin «adımı Yerusəlimdə qoyacağam» dediyi məbədində Menaşşe qurbangahlar tikməyə başladı. 5 Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi. 6 O, oğlunu oda qurban verdi, gələcəyi dedi, baxıcılıq edib cindarlara və ruhçağıranlara müraciət etdi. Beləliklə, Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi. 7 * Düzəltdiyi oyma Aşera bütünü məbədə qoydu. Rəbb Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam. 8 Əgər Mənim onlara buyurduqlarıma və qulum Musanın onlara əmr etdiyi bütün Qanuna əməl etsələr, İsrailliləri atalarına verdiyim torpaqdan didərgin düşməyə qoymayacağam». 9 Ancaq onlar bu sözlərə qulaq asmadılar. İsrail övladlarının önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün Menaşşe onları yoldan çıxartdı.

10 Rəbb Öz qulları peyğəmbərlər vasitəsilə dedi: 11 «Yəhuda padşahı Menaşşe bu iyrənc işləri etməklə özündən əvvəlki Emorluların etdiklərindən də çox pislik etdi və bütləri ilə Yəhudalılara da günah etdirdi. 12 Buna görə də İsrailin Allahı Rəbb belə deyir: “Mən Yerusəlimin və Yəhudanın üzərinə elə bir bəla gətirəcəyəm ki, bunu eşidən hər kəsin qulaqları cingildəyəcək. 13 Samariyanı ölçdüyüm ipi və Axav nəslinin üstünə çəkdiyim şaqulu Yerusəlimin üzərinə də çəkəcəyəm. Bir nəfər boşqabı necə silib üzüstə çevirirsə, Mən də Yerusəlimi elə siləcəyəm. 14 İrsimin qalanlarından üz döndərəcəyəm, onları düşmənlərinə təslim edəcəyəm və düşmənləri onları soyub talan edəcək. 15 Çünki gözümdə pis olan işlər edirdilər və ataları Misirdən çıxdıqları gündən bu günə qədər Məni qəzəbləndirirdilər”».

16 Menaşşe Rəbbin gözündə pis olan işlər edərək Yəhudalılara etdirdiyi günahdan başqa çoxlu günahsız qan töküb Yerusəlimi başdan-başa qana buladı.

17 Menaşşenin qalan işləri, etdiyi hər şey və elədiyi günah barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 18 Menaşşe ataları ilə uyudu və öz sarayının bağçasında – Uzza bağçasında basdırıldı. Onun yerinə oğlu Amon padşah oldu.

19 Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. Anası Yotvalı Xarusun qızı olub adı Meşullemet idi. 20 O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 21 Atasının yolu ilə gedib onun qulluq etdiyi bütlərə səcdə və qulluq etdi. 22 Atalarının Allahı Rəbbi tərk etdi və Rəbbin yolu ilə getmədi. 23 Amonun əyanları ona qəsd hazırladılar və padşahı sarayında öldürdülər. 24 Ölkə xalqı padşah Amona qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.

25 Amonun qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 26a O, Uzza bağçasında, öz qəbrində basdırıldı.



Yəhya 15:1-16:4

Yəhya 15

1 Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. 2 Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. 3 Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. 4 Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. 5 Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. 6 Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar. 7 Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək. 8 Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir. 9 Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. 10 Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.