May 4.mp3

2 Şamuel 8

1 Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Meteq-Ammahı Filiştlilərdən aldı. 2 Moavlıları da məğlub etdi və yerə uzadaraq ölçü ipi ilə ölçdü, ölçdüyü iki cərgəni öldürdü, bir cərgəni isə sağ buraxdı. Moavlılar Davuda tabe olub xərac verdilər.

3 Sova padşahı Rexov oğlu Hadadezer Fərat çayının ətrafında öz hakimiyyətini bərpa etmək üçün gedəndə Davud onu məğlub etdi. 4 O, Hadadezerin min yeddi yüz süvarisini və iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi. 5 Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı. 6 Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. 7 O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi. 8 Padşah Davud Hadadezerin Betah və Berotay şəhərlərindən çoxlu tunc aldı.

9 Xamat padşahı Toi eşitdi ki, Davud Hadadezerin bütün ordusunu məğlub edib. 10 Toi padşah Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Yoramı onun yanına göndərdi, çünki Hadadezer Toi ilə həmişə müharibə etmişdi. Yoram Davuda qızıl-gümüş və tunc əşyalar bəxş etdi. 11 Padşah Davud bu bəxşişləri də, özünə tabe etdirdiyi bütün millətlərdən – 12 Aramlılardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən, Amaleqlilərdən əldə etdiyi qızıl-gümüşü də Sova padşahı Rexov oğlu Hadadezerdən əldə edilən talan malı ilə birlikdə Rəbbə həsr etdi.

13 * Duz vadisində Davud Edomlulardan on səkkiz min nəfəri qırandan sonra geri qayıdan zaman ad qazandı. 14 Edoma hərbi dəstələr yerləşdirdi. Edomun hər tərəfinə hərbi dəstələri yerləşdirəndən sonra Edomluların hamısı Davuda tabe oldu. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.

15 Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi. 16 Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi; 17 Axituv oğlu Sadoq və Evyatar oğlu Aximelek kahin idi; Seraya mirzə idi; 18 Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları isə vəzir idi.

2 Şamuel 9

1 * Davud dedi: «Şaul nəslindən sağ qalan kimsə varmı? Yonatanın xatirinə ona yaxşılıq edim». 2 Şaulun nəslində Siva adlı bir xidmətçi var idi. Onu Davudun yanına çağırdılar və padşah ona dedi: «Siva sənsənmi?» O dedi: «Qulun özüdür ki, var». 3 * Padşah dedi: «Şaul nəslindən bir adam qalmayıb ki, ona Allah xatirinə yaxşılıq edim?» Siva padşaha dedi: «Yonatanın iki ayağından şikəst bir oğlu var». 4 Padşah ona dedi: «İndi o haradadır?» Siva padşaha dedi: «Budur, indi o, Lo-Devarda Ammielin oğlu Makirin evindədir».

5 Padşah Davud adam göndərib Lo-Devardan Ammielin oğlu Makirin evindən Mefiboşeti gətirtdi. 6 Şaul oğlu Yonatanın oğlu Mefiboşet Davudun yanına gəldi və üzünü yerə qoyub təzim etdi. Davud dedi: «Mefiboşet!» O «Budur, qulun özüdür ki, var!» dedi. 7 Davud ona dedi: «Qorxma, atan Yonatanın xatirinə mütləq sənə yaxşılıq edəcəyəm və baban Şaulun bütün torpağını sənə qaytaracağam. Sən həmişə mənim süfrəmdə yemək yeyəcəksən». 8 Mefiboşet təzim edib dedi: «Axı bu qulun kimdir ki? Mənim kimi ölü bir köpəyə tərəf nə üçün üz tutursan?»

9 Padşah Şaulun xidmətçisi Sivanı çağırıb dedi: «Şaula və onun nəslinə aid olan hər şeyi sənin ağanın nəvəsinə verdim. 10 Ağanızın nəvəsinin torpağını sən, oğulların və qulların becərəcək. Məhsulunu ona verəcəksiniz ki, azuqəsi olsun. Ağanızın nəvəsi Mefiboşet isə həmişə mənim süfrəmdə yemək yeyəcək». Sivanın on beş oğlu və iyirmi qulu var idi. 11 Siva padşaha dedi: «Mən ağam padşahın bu quluna əmr etdiyi hər şeyi edəcəyəm». Beləliklə, Mefiboşet padşah oğullarından biri kimi Davudun süfrəsində yemək yeyirdi.

12 Mefiboşetin kiçik bir oğlu var idi. Onun adı Mika idi. Sivanın evində yaşayanların hamısı Mefiboşetin xidmətçiləri idi. 13 Bundan sonra Mefiboşet Yerusəlimdə qaldı, çünki həmişə padşahın süfrəsində yemək yeyirdi. O, iki ayağından şikəst idi.

2 Şamuel 10

1 Bir müddət sonra Ammonluların padşahı öldü və onun yerinə oğlu Xanun padşah oldu. 2 Davud dedi: «Atası mənə yaxşılıq etdiyinə görə mən də Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm». Davud əyanlarından bir neçəsini Xanunun atası üçün başsağlığı verməyə göndərdi. Lakin Davudun adamları Ammon ölkəsinə çatanda 3 Ammonluların başçıları öz ağaları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Davudun sənin yanına adamlarını göndərməsi şəhəri gözdən keçirib araşdırmaq və buranı yıxmaq üçün deyilmi?» 4 Xanun Davudun adamlarını tutaraq saqqallarını yarıyacan qırxdırıb paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi. 5 Bunu Davuda xəbər verdilər, Davud da onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».

6 Ammonlular özlərinə qarşı Davudda nifrət oyatdıqlarını görəndə adam göndərib Bet-Rexov Aramlılarından və Sova Aramlılarından iyirmi min piyada əsgəri, Maaka padşahı ilə min adamı və Tov əhalisindən on iki min nəfəri muzdla tutdular. 7 Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi. 8 Ammonlular çıxıb darvazanın girişində döyüşə düzüldülər. Sova və Rexov Aramlıları ilə Tov və Maaka adamları çöldə ayrıca durmuşdular.

9 Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzilərini ayırıb Aramlılara qarşı düzdü. 10 Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onları Ammonlulara qarşı düzdü. 11 Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən gəlib sənə kömək edərəm. 12 Cəsarətli ol. Gəl xalqımız naminə, Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin». 13 Yoav və yanındakı qoşun Aramlılara qarşı döyüşə yaxınlaşarkən düşmənlər Yoavın qabağından qaçdılar. 14 Ammonlular Aramlıların qaçdığını görəndə Avişayın qabağından qaçıb şəhərə girdilər. Ammonlular ilə döyüş qurtarandan sonra Yoav Yerusəlimə qayıtdı.

15 Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə bir yerə yığıldılar. 16 Hadadezer adam göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdı. Hadadezerin ordu başçısı Şovakla birgə Xelama gəldi. 17 Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçərək Xelama gəldi. Aramlılar Davuda qarşı düzülüb onunla vuruşdular. 18 Aramlılar İsraillilərin qarşısından qaçdılar. Davud Aramlılardan yeddi yüz döyüş arabaçısı ilə qırx min süvarini qırdı və orada ordu başçısı Şovakı vurub öldürdü. 19 Hadadezerə tabe olan padşahların hamısı İsrail qarşısında məğlub olduqlarını görəndə İsraillilərlə sülh bağlayıb onlara tabe oldular. Artıq Aramlılar Ammonlulara kömək etməyə qorxdular.



Luka 24:1-24:12