1 Oğlum, təlimimi unutma,
Qoy qəlbin əmrlərimə bağlansın.
2 Onlar ömrünü uzadar,
Həyatına illər, firavanlıq artırar.
3 Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin,
Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz.
4 * Onda Allahın və insanların gözündə
Lütf tapıb şərəfə çatarsan.
5 Bütün qəlbinlə Rəbbə güvən,
Öz idrakına etibar etmə.
6 Bütün yollarında Onu tanı,
O sənin yollarını düzəldər.
7 * Öz gözündə özünü hikmətli sanma,
Rəbdən qorx, şərdən çəkin.
8 Bu, bədəninə şəfa verər,
Sümüklərinə ilik olar.
9 Rəbbi var-dövlətinlə,
Məhsulunun nübarı ilə şərəfləndir.