1 Keşikçilər rəisi Nevuzaradan Yeremyanı Ramada qoyub getdikdən sonra Rəbbin sözü Yeremyaya nazil oldu. Nevuzaradan onu Babilə sürgün olunan bütün Yerusəlim və Yəhuda xalqı ilə birgə zəncirlənmiş halda Ramaya aparmışdı. 2 Keşikçilər rəisi Yeremyanı tapıb ona dedi: «Bu yerin başına Allahın Rəbb bu bəlanı gətirəcəyini söylədi, 3 sonra da onu yerinə yetirib dediyi kimi etdi. Çünki Rəbbə qarşı günah etdiniz, sözünə qulaq asmadınız, buna görə də başınıza bu iş gəldi. 4 İndi səni əlinə vurulan zəncirlərdən azad edirəm. Əgər mənimlə birgə Babilə getmək istəyirsənsə, gəl gedək, sənin qayğına qalaram. Ancaq mənimlə birgə Babilə getmək istəmirsənsə, getmə. Bax bütün ölkə sənin qarşındadır, hara getmək sənin üçün yaxşı və düzgündürsə, ora da get».
5 Yeremya hələ qayıtmamış Nevuzaradan dedi: «Babil padşahının Yəhuda şəhərləri üzərinə qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanın yanına qayıt və onunla birgə xalq arasında yaşa. Yaxud da hara getmək istəyirsən, ora get». Keşikçilər rəisi ona azuqə və hədiyyə verib buraxdı. 6 Yeremya Mispaya Axiqam oğlu Gedalyanın yanına getdi və onunla birgə ölkədə qalan xalq arasında yaşadı.
7 Çöldə olan bütün qoşun başçıları və onların adamları eşitdi ki, Babil padşahı, Axiqam oğlu Gedalyanı ölkəyə başçı qoymuş və ölkənin yoxsul əhalisindən Babilə sürgün olunmamış kişiləri, qadınları və uşaqları onun ixtiyarına vermişdir. 8 Bu adamlar Mispaya, Gedalyanın yanına gəldi: Netanya oğlu İsmail, Qareahın oğulları Yoxanan və Yonatan, Tanxumet oğlu Seraya, Netofalı Efayın oğulları, Maakalının oğlu Yezanya və onların adamları. 9 Şafan oğlu Axiqam oğlu Gedalya onlara və öz adamlarına and içib dedi: «Xaldeylilərə qulluq etməkdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin, sizin üçün yaxşı olar. 10 Mənə gəlincə, bizim yanımıza gələcək Xaldeylilərin qabağında sizi təmsil etmək üçün Mispada qalacağam. Ancaq siz şərab, yay meyvələri və zeytun yağı yığıb qablarınıza doldurun və aldığınız şəhərlərdə yaşayın».
11 Moavda, Ammonlular arasında, Edomda və başqa ölkələrdə olan bütün Yəhudilər Babil padşahının Yəhudada müəyyən sayda əhali saxladığını və Şafan oğlu Axiqam oğlu Gedalyanı onlara başçı qoyduğunu eşitdi. 12 Yəhudilərin hamısı sürgün olunduqları bütün yerlərdən qayıtdı. Yəhuda torpağına, Mispada olan Gedalyanın yanına gəldilər, çoxlu şərab və yay meyvələri topladılar.
13 Qareah oğlu Yoxanan və çöllərdə olan bütün qoşun başçıları Mispada olan Gedalyanın yanına gəlib 14 ona dedi: «Ammonluların padşahı Baalisin sənin canını almaq üçün Netanya oğlu İsmaili göndərdiyini bilirsənmi?» Ancaq Axiqam oğlu Gedalya onlara inanmadı. 15 Qareah oğlu Yoxanan Mispada Gedalyaya gizlicə söylədi: «Burax gedim, Netanya oğlu İsmaili öldürüm, heç kəs bilməyəcək. Nə üçün o səni öldürsün və ətrafına yığılmış bütün Yəhudilər dağılsın, Yəhudadan sağ qalanlar da məhv olsun?» 16 Ancaq Axiqam oğlu Gedalya Qareah oğlu Yoxanana dedi: «Bu işi etmə, çünki İsmail barəsində yalan danışırsan».
1 * Elə oldu ki, yeddinci ayda padşah nəslindən və əyanlarından olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə Mispaya, Axiqam oğlu Gedalyanın yanına gəldi. Orada birlikdə yemək yeyərkən 2 Netanya oğlu İsmail və onunla birgə olan on nəfər qalxıb Babil padşahının ölkəyə başçı qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanı qılıncla vurub-öldürdülər. 3 İsmail Mispada Gedalya ilə birgə olan bütün Yəhudiləri və oradakı Xaldey döyüşçülərini də öldürdü. 4 Gedalyanın öldürülməsindən bir gün sonra, hələ heç kəs olanları bilməyərkən 5 Şekemdən, Şilodan və Samariyadan saqqalları qırxılmış, paltarları cırıq, bədənlərinə yara vurmuş, Rəbbin məbədinə gətirmək üçün əllərində taxıl təqdimi və buxur olan səksən nəfər adam gəldi. 6 Onları qarşılamaq üçün Mispadan Netanya oğlu İsmail gəldi. O ağlaya-ağlaya adamların qabağına çıxıb onlara dedi: «Axiqam oğlu Gedalyanın yanına gəlin». 7 Adamlar şəhərə girəndə Netanya oğlu İsmail və yanında olan adamlar onları öldürüb cəsədlərini quyuya atdılar. 8 Ancaq onlar arasında olan on nəfər İsmailə dedi: «Bizi öldürmə, çünki bizim tarlada saxlanan buğda, arpa, zeytun yağı və balımız var». İsmail də fikrindən dönüb onları yoldaşları ilə birgə öldürmədi.
9 İsmailin öldürdüyü Gedalya ilə adamlarının cəsədlərini atdığı quyunu padşah Asa İsrail padşahı Baaşaya qarşı müdafiə tədbiri olaraq qazmışdı. Netanya oğlu İsmail onu öldürülənlərlə doldurdu. 10 Sonra İsmail keşikçilər rəisi Nevuzaradanın Axiqam oğlu Gedalyanın ixtiyarına verdiyi Mispadakı bütün xalqı və padşah qızlarını əsir tutdu. Netanya oğlu İsmail Mispada qalan bütün xalqı əsir götürüb Ammonlulara sığınmaq üçün yola düşdü.
11 Qareah oğlu Yoxanan və onunla birgə olan bütün qoşun başçıları Netanya oğlu İsmailin etdiyi bütün pisliklər barədə eşitdi. 12 Onda bütün adamlarını götürüb Netanya oğlu İsmaillə vuruşmağa getdilər. Onu Giveonda olan böyük hovuzun yanında tapdılar. 13 İsmailin yanında olan bütün xalq Qareah oğlu Yoxananı və onunla olan bütün qoşun başçılarını görəndə sevindi. 14 İsmailin Mispadan sürgün etdiyi bütün xalq dönüb geri qayıtdı və Qareah oğlu Yoxananın yanına getdi. 15 Ancaq Netanya oğlu İsmail səkkiz nəfərlə birgə Yoxanandan qaçıb-qurtuldu və Ammonluların yanına getdi.
16 Qareah oğlu Yoxanan və yanındakı bütün qoşun başçıları sağ qalanların hamısını – Axiqam oğlu Gedalyanı öldürən Netanya oğlu İsmailin Mispadan əsir apardığı döyüşçüləri, qadınları, uşaqları və hərəmağalarını Giveondan götürüb gətirdilər. 17 Xaldeylilərdən qaçmaq üçün Misirə tərəf yola düşdülər və Bet-Lexem yaxınlığındakı Gerut-Kimhamda qaldılar. 18 Çünki Netanya oğlu İsmail Babil padşahının ölkəyə başçı qoyduğu Axiqam oğlu Gedalyanı öldürdüyü üçün Xaldeylilərdən qorxurdular.
Diqqətli olaq
1 Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın. 2 Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi, hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə, 3 bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bu xilas əvvəlcə Rəbb tərəfindən bildirildi və Onu eşidənlər tərəfindən bizə təsdiq olundu. 4 Allah da əlamət, xariqələr, müxtəlif möcüzələr və Öz iradəsinə uyğun olaraq payladığı Müqəddəs Ruhun ənamları ilə şəhadət etdi.
5 Barəsində danışdığımız gələcək dünyanı Allah mələklərə tabe etmədi. 6 *Lakin kimsə bir yerdə belə şəhadət etdi:
«İnsan kimdir ki, onun haqqında düşünürsən?
Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?