1 Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və mənim üçün burada yeddi buğa və yeddi qoç hazırla». 2 Balaq Bilamın dediyi kimi etdi. Balaq ilə Bilam hər qurbangahda bir buğa və bir qoç təqdim etdilər. 3 Bilam Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən gedim. Bəlkə Rəbb məni qarşılamağa gələcək və mənə nə göstərsə, sənə bildirərəm». Sonra çılpaq bir təpəyə çıxdı.
4 Allah Bilamla qarşılaşdı və Bilam Ona dedi: «Yeddi qurbangah hazırladım və hər qurbangahda bir buğa ilə bir qoç təqdim etdim». 5 Rəbb Bilamın vasitəsilə bir kəlam dedi: «Balaqın yanına qayıdıb belə de». 6 Bilam Balaqın yanına qayıtdı. Gördü ki, Balaq və Moavın bütün başçıları yandırma qurbanlarının yanında durublar. 7 Bilam gələcəkdən xəbər verib dedi:
«Balaq məni Aramdan,
Moav padşahı məni şərq dağlarından gətirdi,
“Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu,
Gəl İsrailə qarğış et” dedi.
8 Allahın lənət etmədiyinə mən necə lənət edim?
Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim?
9 Qayaların zirvəsindən onları görürəm mən,
Təpələrdən onlara baxıram.
Müstəqil yaşayan,
Ellərdən özünü ayıran
Bir xalq görürəm.
10 Kim Yaqubun tozunu saya bilər?
İsrailin dörddə birini
Axı kim hesablar?
Qoy saleh adamların ölümü ilə ölüm!
Onlar necə olubsa, sonum elə olsun!»