Aprel 5.mp3

Yeşua 16

1 Yusif övladlarına püşk ilə düşən torpaqların sərhədi şərqdən Yerixo sularından – qarşısındakı İordan çayından başlayıb çöllüyə, Yerixodan Bet-Elin dağlıq bölgəsinə qalxırdı. 2 Bet-Eldən isə Luza çıxıb Arklılar torpağına, Atarota keçirdi. 3 Sonra qərbə doğru Aşağı Bet-Xoron torpağına qədər, Yafletlilər torpağına, bundan sonra isə Gezerə qədər enirdi. Bu sərhədin sonu dənizdə qurtarırdı.

4 Yusifin övladları Menaşşe və Efrayim torpaqlarını irs olaraq aldılar.

5 Efrayim övladlarının nəsillərinə görə irs torpağının sərhədi belə idi. Şərqə doğru Atrot-Addardan Yuxarı Bet-Xorona qədər gedib dənizdə bitirdi. 6 Şimal tərəfdən isə Mikmetatdan şərqə tərəf uzanıb, Taanat-Şilo şəhərinin şərqindən dönərək Yanoahın şərqinə çıxırdı. 7 Yanoahdan isə Atarota və Naaraya enərək oradan Yerixoya çatır və sonu İordan çayında qurtarırdı. 8 Bu sərhəd Tappuahdan qərbə tərəf Qana vadisinə gedərək sonu dənizdə bitirdi. Nəsillərinə görə Efrayim övladları qəbiləsinin irs torpağı bunlardır. 9 Bundan əlavə, Menaşşe övladlarına düşən torpaqlarda da Efrayim övladları üçün ayrılan şəhər və kəndlər var idi.

10 * Amma Efrayim övladları Gezerdə yaşayan Kənanlıları qovmadılar. Onlar bu günə qədər Efrayim övladları arasında yaşayır, Efrayim övladları üçün mükəlləfiyyətçi quldurlar.

Yeşua 17

1 Menaşşe qəbiləsinin püşkünə bu torpaqlar düşdü: Menaşşe Yusifin ilk oğlu idi. Gileadın atası Makir isə Menaşşenin ilk oğlu idi. Makir döyüşçü olduğu üçün Gilead və Başan torpağı onun oldu. 2 Menaşşenin o biri oğulları – Aviezerin, Xeleqin, Asrielin, Şekemin, Xeferin və Şemidanın oğulları üçün də nəsillərinə görə püşk düşdü. Bunlar nəsillərinə görə Yusif oğlu Menaşşenin kişi nəsli idi.

3 Lakin Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın oğlanları yox idi, ancaq qızları var idi. Qızlarının adları belə idi: Maxla, Noa, Xoqla, Milka, Tirsa. 4 * Onlar kahin Eleazarın, Nun oğlu Yeşuanın və rəhbərlərin qarşısına gəlib dedilər: «Rəbb Musaya buyurmuşdu ki, soydaşlarımızın yanında bizə irs torpaq versin». Onda Yeşua Rəbbin əmrinə görə atalarının kişi qohumları arasında onlara irs olaraq torpaq verdi. 5 Menaşşeyə İordan çayının o tayında olan Gilead və Başan torpağından başqa on hissə torpaq da düşdü, 6 çünki Menaşşe qızları da onun oğulları arasından irs olaraq torpaq aldılar. Gilead diyarı Menaşşenin qalan oğullarına məxsus idi.

7 Menaşşenin sərhədi Aşerdən Şekemin şərqində olan Mikmetata uzanaraq cənuba tərəf En-Tappuah əhalisinin yerlərinə gəlib çatırdı. 8 Tappuah torpağı Menaşşenin idi, amma Menaşşe sərhədində olan Tappuah şəhəri isə Efrayim oğullarına məxsus idi. 9 Sərhəd Qana vadisinə enirdi. Bu vadinin cənubunda olan şəhərlər Menaşşenin şəhərləri arasında olsa da, Efrayimin idi. Menaşşenin sərhədi vadinin şimal tərəfində idi, sonu isə dənizdə qurtarırdı. 10 Sərhədin cənubu Efrayimin, şimalı isə Menaşşenin idi. Dəniz də Menaşşenin sərhədi idi. Sərhəd şimaldan Aşerə, şərqdən İssakara gedib çatırdı. 11 İssakar və Aşer torpaqlarının daxilində olan bu şəhərlər Menaşşenin idi: Bet-Şeanla qəsəbələri, İvleamla qəsəbələri, Dorla qəsəbələrinin əhalisi, En-Dorla qəsəbələrinin əhalisi, Taanakla qəsəbələrinin əhalisi, Megiddo ilə qəsəbələrinin əhalisi. Bunlar birlikdə üç bölgədən ibarət idi.

12 * Menaşşe övladları bu şəhərlərdə yaşayanları qova bilmədilər, buna görə Kənanlılar da bu torpaqda qaldılar. 13 İsraillilər qüvvətlənəndə Kənanlıları özlərinə mükəlləfiyyətçi etdilər, amma tamamilə qovmadılar.

14 Yusif övladları Yeşuaya belə dedilər: «İrs torpaq almaq üçün niyə bizə tək püşklə bir pay verdin? Biz böyük xalqıq və indiyə qədər Rəbb bizə bərəkət verib». 15 Yeşua onlara dedi: «Əgər siz böyük xalqsınızsa və Efrayimin dağlıq bölgəsi sizə darlıq edirsə, meşəliyə çıxın, orada Perizlilər və Rafalılar torpağında özünüzə yer edin». 16 Yusif övladları dedilər: «Dağlıq bölgəsi bizə bəs deyil. Ancaq dərədə olan torpaqda – Bet-Şean və onun qəsəbələrində, İzreel vadisində yaşayan bütün Kənanlıların dəmir döyüş arabaları var». 17 Onda Yeşua Yusif nəslinə – Efrayimlilərə və Menaşşelilərə belə dedi: «Siz böyük xalqsınız, qüvvətiniz də böyükdür, ona görə sizə bir püşk kifayət deyil. 18 Dağlıq bölgə də sizin olacaq, o yer meşəlikdir, amma siz oranı təmizləyəcəksiniz və bütünlüklə sizin olacaq. Kənanlılar qüvvətli olsa da, onların dəmir döyüş arabaları olsa da, siz onları qova biləcəksiniz».

Yeşua 18

1 Bütün İsrail övladlarının icması Şiloya yığışıb orada Hüzur çadırını qurdu. Bu torpaq onların hökmranlığı altında idi. 2 İsrail övladlarının yeddi qəbiləsi arasında isə irs olan torpaqlar hələ paylanmamışdı. 3 Yeşua İsrail övladlarına dedi: «Atalarınızın Allahı Rəbbin sizə verdiyi torpağa mülk sahibi kimi girməyə nə vaxta qədər tərəddüd edəcəksiniz? 4 Hər qəbilədən özünüzə üç adam seçin. Onları göndərəcəyəm ki, çıxıb ölkəni dolaşsınlar və alacaqları irs torpaqlara görə oranı təsvir edib mənim yanıma gəlsinlər. 5 Onlar oranı yeddi hissəyə bölsünlər. Yəhuda cənubda olan öz torpağında qalsın, Yusifin nəsli də şimalda olan torpağında qalsın. 6 Siz ölkəni yeddi hissə kimi təsvir edin və təsviri buraya mənə gətirin. Burada Allahımız Rəbbin hüzurunda sizin üçün püşk atacağam. 7 Amma aranızda Levililərin payı yoxdur, çünki onların irsi Rəbbin kahinliyidir. Qad, Ruven qəbilələri və Menaşşe qəbiləsinin yarısı İordan çayının şərq tərəfində Rəbbin qulu Musanın onlara verdiyi irs olan torpaqlarını aldılar».

8 Adamlar qalxıb gedəndə Yeşua onlara ölkəni təsvir edərək yazmağı əmr edib dedi: «Gedin, ölkəni gəzib oranı yazılı təsvir edərək yanıma qayıdın. Mən də burada, Şiloda, Rəbbin hüzurunda sizin üçün püşk atacağam». 9 Adamlar gedib ölkəni dolaşdılar. Şəhərlərinə görə oranı yeddi hissəyə ayıraraq təsvirini kitaba yazıb Şilodakı ordugaha, Yeşuanın yanına qayıtdılar. 10 Yeşua Şiloda Rəbbin hüzurunda onlar üçün püşk atdı və orada İsrail övladlarının paylarına görə torpağı payladı.

11 İlk püşk nəsillərinə görə Binyamin övladları qəbiləsinə düşdü. Onlara düşən hissə Yəhuda övladları ilə Yusif övladlarının torpağı arasında idi. 12 Şimal tərəfdən onların sərhədi İordan çayından başlayırdı. Sərhəd Yerixonun şimal tərəfindəki yamacına yüksəlirdi, sonra qərbə doğru dağlığa qalxırdı, sonu isə Bet-Aven çölündə qurtarırdı. 13 Oradan cənuba doğru sərhəd Luza, yəni Bet-Elə və Luzun yamacına çatırdı. Sonra sərhəd Aşağı Bet-Xoronun cənubunda olan dağlıqdan Atrot-Addara enirdi. 14 Sərhəd oradan uzanaraq qərb tərəfdən cənuba doğru, Bet-Xoronun qarşısında olan dağdan da cənuba doğru dönürdü. Onun sonu Yəhuda övladlarının şəhəri olan Qiryat-Baalda, yəni Qiryat-Yearimdə qurtarırdı; qərb sərhədi bu idi. 15 Cənub sərhədi Qiryat-Yearimin ən son hissəsindən qərbə doğru Neftoah sularının mənbəyinə çatırdı. 16 Ondan sonra sərhəd Refaim vadisinin şimalında Ben-Hinnom vadisinin qarşısındakı dağın ən son hissəsinə enirdi; buradan da cənuba doğru Hinnom vadisinə, Yevusun cənub yamacına enib En-Rogelə çatırdı, 17 sonra sərhəd şimala doğru uzanaraq En-Şemeşə çıxırdı, Adummim yoxuşu qarşısında olan Gelilota çatırdı; oradan da Ruven oğlu Bohanın qayasına enirdi, 18 sonra şimala doğru Aravanın qarşı tərəfinə keçib Aravaya enirdi. 19 Sərhəd şimala doğru Bet-Xoqla yoxuşuna keçir, sərhədin sonu Duz dənizinin şimal körfəzində, İordan çayının cənubunda qurtarırdı. Bu, cənub sərhədi idi. 20 Onun şərq tərəfdən sərhədi İordan çayı idi. Nəsillərinə görə Binyamin oğullarının irs torpaqlarının ərazisi bunlar idi.

21 Nəsillərinə görə Binyamin övladları qəbiləsinin şəhərləri bunlar idi: Yerixo, Bet-Xoqla, Emeq-Qesis, 22 Bet-Arava, Semarayim, Bet-El, 23 Avvim, Para, Ofra, 24 Kefar-Ammonay, Ofni, Geva, yəni kəndləri ilə birlikdə on iki şəhər; 25 Giveon, Rama, Beerot, 26 Mispe, Kefira, Mosa, 27 Reqem, İrpeel, Tarala, 28 Sela, Elef, Yevus, yəni Yerusəlim, Givea, Qiryat, yəni kəndləri ilə birlikdə on dörd şəhər. Nəsillərinə görə Binyamin övladlarının irs torpaqları bunlardır.



Luka 9:51-9:62