1 Rəbb Musaya dedi: «Əvvəlki kimi özün üçün iki daş lövhə yon; qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. 2 Səhərə hazır ol və Sina dağına çıx. Dağın zirvəsi üstündə önümdə dur. 3 Qoy heç kəs səninlə çıxmasın və dağda heç bir adam görünməsin. Dağın ətəyində nə qoyun-keçi, nə də mal-qara otlasın».
4 Rəbb ona buyurduğu kimi Musa əvvəlkilərə bənzər iki daş lövhə yondu və səhər erkən durub, əlində iki daş lövhə tutaraq Sina dağına çıxdı. 5 Rəbb buludun içindən enib orada Musa ilə durdu və Rəbb olan Öz adını bəyan edib 6 * * Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, 7 minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm».
8 Musa dərhal yerə sərilib Rəbbə səcdə qıldı. 9 Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da, təqsirimizlə günahımızı bağışla və bizə sahib ol».
10 Rəbb Musaya dedi: «Budur, Mən sənin bütün xalqınla əhd kəsirəm. Hamının qarşısında elə möcüzələr edəcəyəm ki, beləsi dünyada heç yerdə, heç bir millət arasında yaranmamışdı. Sizin ətrafınızdakı bütün xalqlar görəcəklər ki, Rəbbin işi, Mənim sənin üçün etdiyim şeylər qorxuncdur. 11 Mənim sizə bu gün verdiyim əmrə riayət edin. Budur, Mən önünüzdən Emorluları, Kənanlıları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları qovuram. 12 Özünüzü girdiyiniz torpağın sakinləri ilə əhd kəsməkdən gözləyin ki, o sizə bir tələ olmasın. 13 * Onların qurbangahlarını dağıdın, daş sütunlarını sındırın, ilahə Aşera bütlərini kəsin. 14 Başqa allahlara səcdə etməyin, çünki Rəbbin adı qısqancdır, O, həqiqətən, qısqanc Allahdır. 15 Ona görə də nə o torpağın sakinləri ilə əhd kəsin, nə də öz allahları ilə xəyanət edib, onlara qurban kəsən vaxt sizi də dəvət edəndə qurbanlarından dadın. 16 Onların qızlarını öz oğullarınıza arvad olaraq almayın ki, onlar öz allahları ilə xəyanət edib sizin oğullarınıza da o allahlara xəyanət etdirməsinlər.
17 * Özünüz üçün tökmə allahlar düzəltməyin.
18 * Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunan vaxtı yeddi gün mayasız çörək yeyin, çünki Aviv ayında Misirdən çıxdınız.
19 * Bütün ilk doğulan oğlanlar və bütün heyvanlarınızın, istər mal-qaranızın, istərsə də qoyun-keçinizin ilk doğulan balaları Mənimdir. 20 * İlk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Aranızda hər adamın ilk oğlunun əvəzini ödəyin. Heç kəs önümə əliboş gəlməsin.
21 * Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin. Şum və biçin vaxtı da belə istirahət edin.
22 * * Buğda biçinin nübarı ilə Həftələr bayramını qeyd edin. İlin sonunda isə Yığım bayramını qeyd edin.
23 İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri İsrailin Allahı Rəbbin hüzuruna gəlsinlər. 24 Çünki Mən sizin qarşınızdan millətləri qovub sərhədlərinizi elə genişləndirəcəyəm ki, siz ildə üç dəfə öz Allahınız Rəbbin hüzurunda görünmək üçün gələndə heç kəs sizin torpağınıza tamah salmasın.
25 * Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Pasxa bayramının qurban əti səhərə qədər qalmasın.
26 * * Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin».
27 Rəbb Musaya dedi: «Bu sözləri yaz, çünki bu sözlərə görə Mən səninlə və bütün İsraillə əhd kəsirəm». 28 Beləliklə, Musa Rəblə qırx gün-qırx gecə qaldı. Bu müddət ərzində Musa heç nə yemədi, heç nə içmədi. O, lövhələrin üstündə əhdin sözlərini, On Əmri yazdı.
29 * Musa əlində iki şəhadət lövhəsi tutub Sina dağından enəndə bilmirdi ki, Rəblə danışdığına görə üzü nur saçır. 30 Harun və bütün İsrail övladları Musanın üzünü nur saçan gördülər və ona yaxınlaşmaqdan qorxdular. 31 Musa onları çağıranda Harunla bütün icma başçıları ona yaxınlaşdı və Musa onlarla söhbət etdi. 32 Sonra bütün İsrail övladları ona yaxınlaşdı. Musa Rəbbin Sina dağında ona nəql etdiyi bütün işləri onlara əmr etdi. 33 Musa söhbəti bitirəndə üzünə bir niqab çəkdi. 34 Musa Rəbbin hüzuruna Onunla danışmaq üçün gedəndə niqabı çıxarar və çıxanadək niqabsız olardı. Çıxanda ona nə əmr olunduğunu İsrail övladlarına nəql edirdi. 35 İsrail övladları isə Musanın üzünün nur saçdığını görərdilər. Sonra Musa içəri girib Rəblə danışana qədər yenə də niqabı üzünə çəkərdi.
1 Musa İsrail övladlarının bütün icmasını toplayıb onlara dedi: «Rəbb sizə bu şeylərə əməl etməyi əmr etdi. 2 * Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz, istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün. 3 Şənbə günü yaşadığınız heç bir yerdə od yandırmayın».
4 Musa bütün İsrail övladlarının icmasına dedi: «Rəbbin əmr etdiyi iş budur: 5 öz aranızdan Rəbbə bir ianə toplayın. Qoy könlü istəyən hər kəs Rəbbə belə ianə gətirsin: qızıl, gümüş, tunc, 6 bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, 7 qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı, 8 çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar, 9 efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.
10 Aranızdakı ürəyi hikmətlə dolu hər adam gəlib Rəbbin əmr etdiyi hər şeyi düzəltsin: 11 müqəddəs məskəni, onun çadırını, örtüyünü, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini və altlıqlarını; 12 sandığı və onun şüvüllərini; kəffarə qapağını, arakəsmə pərdəsini; 13 masanı, onun şüvüllərini və bütün ləvazimatını; təqdis çörəklərini; 14 işıq verən çıraqdanı, onun ləvazimatını, çıraqlarını və işıq yağını; 15 buxur qurbangahını və şüvüllərini; məsh yağını, ətirli buxuru; məskənin girişi üçün arakəsməni; 16 yandırma qurbanları üçün qurulan qurbangahı, onun üçün tunc şəbəkəni, şüvüllərini və bütün avadanlığını; ləyəni və onun altlığını; 17 həyətin pərdələrini, dirəklərini və altlıqlarını; həyətin darvazası üçün arakəsməni; 18 məskənin payalarını; həyətin payalarını; onların iplərini; 19 müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri: kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini».