30b Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi.
31 Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. 32 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 33 Firon Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu. 34 * Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü. 35 Yehoyaqim firona qızıl-gümüş verdi və fironun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, firon Nekoya vermək üçün ölkə xalqından hər kəsə təyin olunmuş məbləğə görə qızıl-gümüş alırdı.
36 * Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi. 37 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
1 * Yehoyaqimin dövründə Babil padşahı Navuxodonosor onun üzərinə hücum etdi. Yehoyaqim üç il ona tabe oldu, amma sonra ona qulluq etməkdən boyun qaçırdı. 2 Xaldeylilərin, Aramlıların, Moavlıların və Ammonluların qoşunlarını Rəbb ona qarşı göndərdi; Rəbbin Öz qulları peyğəmbərlər vasitəsilə söylədiyi sözünə görə Yəhudanı məhv etmək üçün onun üzərinə göndərdi. 3 Həqiqətən, Rəbbin sözünə görə Yəhudanın başına bu iş gəldi ki, Menaşşenin etdiyi bütün günahlardan ötrü Rəbb onları hüzurundan rədd etsin. 4 Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi.
5 Yehoyaqimin qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 6 Yehoyaqim ataları ilə uyudu və yerinə oğlu Yehoyakin padşah oldu. 7 Misir padşahı bir daha öz ölkəsindən kənara çıxmadı, çünki Misir vadisindən Fərat çayına qədər Misir padşahının əvvəllər işğal etdiyi hər yeri Babil padşahı tutmuşdu.
8 Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi. 9 Yehoyakin atasının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
10 O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı. 11 Qoşunlar şəhəri mühasirəyə alanda Babil padşahı Navuxodonosor onun ətrafına gəldi. 12 * Yəhuda padşahı Yehoyakin anası, əyanları, rəisləri və saray xidmətçiləri ilə birlikdə Babil padşahına təslim oldu. Padşahlığının səkkizinci ilində Babil padşahı onu əsir aldı. 13 Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi. 14 O bütün Yerusəlimliləri, bütün rəisləri, igid adamların hamısını – cəmi on min nəfəri və bütün ustalarla sənətkarları sürgün etdi. Ölkədə yoxsul xalqdan başqa heç kəs qalmadı. 15 * Yehoyakini də Babilə sürgün etdi. Padşahın anasını, arvadlarını, saray xidmətçilərini və ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı. 16 Babil padşahı sayı yeddi min nəfər olan bütün döyüşçüləri, min nəfər ustanı və sənətkarı – müharibədə iş görən bütün bacarıqlı adamları əsir edib Babilə gətirdi. 17 * Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu.
18 * Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. 19 O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 20 * Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi və Rəbb onları hüzurundan kənar etdi.
Sidqiya Babil padşahına qarşı üsyan etdi.
1 * Onun padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi. 2 Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı. 3 Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı. 4 * Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda padşah və bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan çıxıb Arava yolu ilə getdilər. 5 Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliklərində ona çatdı. Padşahın ordusu onu tərk edib dağılmışdı. 6 Padşahı tutub Rivlaya, Babil padşahının yanına apardılar və onun haqqında hökm verdilər. 7 * Sidqiyanın oğullarını gözü qabağında öldürdülər, özünün isə gözlərini çıxartdılar və qandallayıb Babilə apardılar.
8 Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın yeddinci günü Babil padşahının əyanı olan mühafizəçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi. 9 O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı. 10 Mühafizəçilər rəisi ilə birgə gələn bütün Xaldey ordusu Yerusəlimin ətrafındakı divarları uçurtdu. 11 Mühafizəçilər rəisi Nevuzaradan şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və başqa əhalini sürgün etdi. 12 Ancaq o, bağçılıq və əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.
13 * * Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardılar. 14 * İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, nimçələri və bütün tunc qabları götürüb apardılar. 15 Mühafizəçilər rəisi xalis qızıldan və gümüşdən olan bütün şeyləri – buxurdanları və piyalələri götürdü. 16 Rəbbin məbədi üçün Süleymanın düzəltdiyi iki sütunda, hovuzda və dayaqlarda olan bütün tuncun ağırlığı hesaba gəlməzdi. 17 Bir sütunun hündürlüyü on səkkiz qulac idi və üzərində tunc başlıq var idi. Başlığın hündürlüyü üç qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi. Hər şey tuncdan düzəldilmişdi. O biri sütun da hörmə torla birgə bu cür idi.
18 Mühafizəçilər rəisi başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və üç astana keşikçisini əsir aldı. 19 Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan beş nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu. 20 Mühafizəçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı. 21 Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.
22 * Yəhuda ölkəsində Babil padşahı Navuxodonosorun toxunmadığı qalan xalqa gəlincə, padşah Şafan oğlu Axiqam oğlu Gedalyanı onların üzərində vali qoydu. 23 Babil padşahının Gedalyanı vali qoyduğunu eşitdikdə bütün qoşun başçıları və onların adamları – Netanya oğlu İsmail, Qareah oğlu Yoxanan, Netofalı Tanxumet oğlu Seraya, bir Maakalının oğlu Yaazanya və onların döyüşçüləri Mispaya, Gedalyanın yanına gəldilər. 24 Gedalya onların özlərinə və adamlarına and içib dedi: «Xaldeylilərdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin. Belə etsəniz, sizin üçün yaxşı olar». 25 * Yeddinci ayda padşah nəslindən olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə gəlib Gedalyanı öldürdü. Onlar Mispada Gedalyanın yanında olan Yəhudalıları və Xaldeyliləri də öldürdülər. 26 * Böyükdən kiçiyə qədər bütün xalq və qoşun başçıları qalxıb Misirə qaçdı, çünki Xaldeylilərdən qorxurdular.
27 Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi yeddinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi. 28 Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtlarından yuxarı bir taxt qoydurdu. 29 Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə padşahın süfrəsində yemək yeyərdi. 30 Bütün ömrü boyu ona padşah tərəfindən gündəlik azuqə verilirdi.