Dekabr 6.mp3

Daniel 2

1 Navuxodonosor padşahlığının ikinci ilində bir yuxu gördü, buna görə ürəyi sıxıldı və yuxusu qaçdı. 2 Padşah əmr etdi ki, yuxusunu yozmaq üçün onun yanına sehrbazlar, ruhçağıranlar, cadugərlər və Xaldeyli müdriklər çağırılsın. Onlar gəlib padşahın hüzurunda dayandı. 3 Padşah onlara dedi: «Bir yuxu görmüşəm və ürəyim sıxılır. İstəyirəm ki, bu yuxunun yozumunu bilim». 4 Xaldeyli müdriklər Arami dilində padşaha dedi: * «Padşah sağ olsun, yuxunu bu qullarına danış, biz də onu yozaq». 5 Padşah Xaldeyli müdriklərə cavab verdi: «Mən belə qərara gəlmişəm: əgər siz mənə həm yuxunu, həm də yozumunu söyləməsəniz, parça-parça ediləcəksiniz və evləriniz də viran ediləcək. 6 Əgər yuxunu və yozumunu söyləsəniz, məndən hədiyyələr, mükafatlar və böyük hörmət görəcəksiniz. İndi isə mənə yuxunu və yozumunu söyləyin». 7 Onlar yenə cavab verdi: «Padşah yuxunu bu qullarına danışsın, biz də onu yozaq». 8 Padşah cavab verdi: «Yəqin bilirəm ki, siz vaxt qazanmaq istəyirsiniz, çünki görürsünüz ki, mənim qərarım qətidir. 9 Əgər yuxunu mənə söyləməsəniz, sizin üçün yalnız bir cəza olacaq. Siz mənə yalan və uydurma sözlər demək üçün sözləşmisiniz ki, bəlkə vəziyyət dəyişdi. İndi isə mənə yuxunu söyləyin, onda bilərəm ki, siz onu yozmağa qadirsiniz».

10 Xaldeyli müdriklər padşaha cavab verdi: «Yer üzündə padşahın tələbini yerinə yetirə bilən adam yoxdur. Ən əzəmətli və qüdrətli padşah da bir sehrbazdan, ruhçağırandan yaxud Xaldeyli müdrikdən belə bir şey istəməyib. 11 Padşahın istədiyi şey elə çətindir ki, allahlardan başqa heç kəs bunu padşaha aşkar edə bilməz. Onların da məskəni insanlar arasında deyil».

12 Padşah bu sözə özündən çıxıb bərk qəzəbləndi və əmr etdi ki, bütün Babil müdriklərini məhv etsinlər. 13 Müdrikləri öldürmək barədə əmr çıxanda Danieli və onun yoldaşlarını öldürmək üçün axtardılar.

14 O zaman Daniel Babil müdriklərini öldürməyə gedən padşahın keşikçilər rəisi Aryokla müdriklik və nəzakətlə danışdı. 15 O, padşahın hərbi rəisi olan Aryokdan soruşdu: «Niyə padşah belə sərt fərman verib?» Onda Aryok əhvalatı Danielə danışdı. 16 Daniel içəri girib padşahdan xahiş etdi ki, yuxunun yozumunu padşaha bildirmək üçün ona vaxt versin.

17 Daniel öz evinə qayıdıb əhvalatı dostları Xananya, Mişael və Azaryaya danışdı ki, 18 bu sirr barədə göylərin Allahından mərhəmət diləsinlər və Daniellə onun yoldaşları başqa Babil müdrikləri ilə birgə məhv olmasın. 19 O zaman bu sirr Danielə gecə gələn görüntüdə aşkar oldu, buna görə də Daniel göylərin Allahına şükür etdi.

20 Daniel söylədi:

«Allahın adı əbədi olaraq izzətlənsin!

Çünki hikmət və qüdrət Ona məxsusdur.

21 Vaxtı və dövrü dəyişdirən Odur.

O, padşahları taxtdan salar və taxta qoyar,

Müdriklərə hikmət, aqillərə ağıl verər.

22 Dərin və gizli sirləri O açar,

Qaranlıqda qalanı O bilər.

İşıqla əhatə olunan Odur.

23 Ey atalarımın Allahı,

Sənə şükür və həmd olsun ki,

Mənə hikmət və qüdrət verdin,

Səndən dilədiyimiz şeyi mənə aşkar etdin.