Yanvar-6.mp3

Yaradılış 14

1 Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və Qoyim padşahı Tidal 2 Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı. 3 Bu son beş padşah indi Duz dənizi adlanan Siddim vadisində öz qoşunlarını birləşdirdi. 4 Onlar on iki il Kedorlaomerin əsarəti altında qalmış, on üçüncü il isə üsyan etmişdilər. 5 On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri, 6 çöl kənarındakı El-Parana qədər uzanan Seir dağlarında Xorluları qırdılar. 7 Sonra geri qayıdıb En-Mişpata, yəni Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini və Xaseson-Tamarda yaşayan Emorluları qırdılar. 8 Sodom padşahı, Homorra padşahı, Adma padşahı, Sevoyim padşahı, Bela, yəni Soar padşahı Siddim vadisinə gəlib, 9 Elam padşahı Kedorlaomerlə, Qoyim padşahı Tidalla, Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə girdilər: dörd padşah beş padşaha qarşı idi. 10 Siddim vadisində qatranla dolu çoxlu çuxur var idi. Sodom və Homorra padşahları döyüşdən qaçanda oraya yıxıldılar, sağ qalanlar isə dağlara qaçdılar. 11 Qaliblər Sodom və Homorranın bütün əmlakını və azuqəsini götürüb getdilər. 12 İbramın qardaşı oğlu Lutu və onun əmlakını özləri ilə apardılar, çünki o da Sodomda yaşayırdı.

13 Döyüşdən sağ qurtaran bir nəfər gəlib İbrani İbrama bunu xəbər verdi. O, Eşkolun və Anerin qardaşı Emorlu Mamrenin palıdının yanında yaşayırdı. Onlar İbramın müttəfiqləri idi. 14 İbram qohumu Lutun əsir alındığını eşidəndə evində doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz nökərini götürüb düşmənləri Dana qədər təqib etdi. 15 Özü və nökərləri gecə vaxtı dəstələrə bölünüb, onları qırdılar və sağ qalanları Dəməşqin şimal tərəfində olan Xovaya qədər təqib etdilər. 16 İbram qarət olunmuş bütün əmlakı, qardaşı oğlu Lutu və onun əmlakını, həmçinin qadınları və xalqı geri qaytardı.

17 * İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı.

18 Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. 19 Melkisedeq İbrama xeyir-dua verib dedi:

«Göy və yeri yaradan Allah-Taala

İbrama xeyir-dua versin.

20 Düşmənlərini sənə təslim edən

Allah-Taalaya alqış olsun».

İbram bütün qənimətin onda birini Melkisedeqə verdi.

21 Sodom padşahı İbrama dedi: «Adamlarımı mənə ver, əmlak isə sənə qalsın». 22 Ancaq İbram Sodom padşahına dedi: «Göy və yeri yaradan Allah-Taala Rəbbin dərgahına and üçün əlimi qaldırıram ki, 23 sənin nə bir ipini, nə də bir çarıq bağını götürürəm, ta deməyəsən ki, mən İbramı varlandırdım. 24 Nökərlərin yediklərindən başqa, hər şey sənin olsun. Üstəlik mənimlə gedən adamlar – Aner, Eşkol və Mamre öz paylarını götürsün».

Yaradılış 15

1 Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». 2 İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». 3 İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq». 4 Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq». 5 * Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». 6 * İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.

7 Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm». 8 İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» 9 Rəbb ona dedi: «Mənim üçün bir üçyaşlı düyə, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və bir göyərçin balası gətir». 10 İbram bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı, hər hissəni o birinin qarşısına qoydu, ancaq quşları iki hissəyə ayırmadı. 11 Yırtıcı quşlar cəmdəklərin üzərinə uçub gəldilər, ancaq İbram onları qovdu.

12 Günəş batan vaxt İbrama dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çökdü. 13 * Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək. 14 * Ancaq onların köləlik edəcəkləri xalqı Özüm cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar. 15 Sən isə atalarının yanına gedəcəksən, uzun ömür sürəndən sonra sülh içində öləcəksən. 16 Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb».

17 Günəş batıb qaranlıq düşəndə tüstü çıxan bir təndir və alovlanan məşəl görünərək parçalanmış heyvanların arasından keçdi. 18 * O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları – 19 Qenlilərin, Qenizlilərin, Qadmonluların, 20 Xetlilərin, Perizlilərin, Rafalıların, 21 Emorluların, Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən sənin nəslinə verirəm».

Yaradılış 16

1 İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi. 2 Saray İbrama dedi: «Bax Rəbb mənim bətnimi bağladı ki, uşağım olmasın. Qarabaşımla yaxınlıq et, qoy o mənim üçün uşaq doğsun». İbram Sarayın sözünə qulaq asdı. 3 İbramın arvadı Saray qarabaşı Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu əhvalat İbram Kənan torpağında on il yaşadıqdan sonra baş verdi. 4 İbram Həcərlə yaxınlıq etdi və Həcər hamilə oldu. Həcər hamilə olduğunu görəndə xanımına həqarətlə baxmağa başladı. 5 Saray İbrama dedi: «Mənim təhqir olunmağıma sən səbəb oldun. Mən qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə mənə həqarətlə baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin». 6 İbram Saraya dedi: «Qarabaşını sənin ixtiyarına verirəm, ona nə istəyirsən, elə». Saray qarabaşı ilə sərt rəftar etməyə başladı və qarabaşı onun yanından qaçdı.

7 Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı. 8 Mələk ondan soruşdu: «Ey Sarayın qarabaşı Həcər, haradan gəlib, haraya gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın yanından qaçıram». 9 Rəbbin mələyi ona dedi: «Xanımının yanına qayıt və ona tabe ol». 10 Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək». 11 Sonra Rəbbin mələyi ona dedi: