1 Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı. 2 Aşşur padşahı baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Baş vəzir Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandı. 3 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onun qabağına çıxdılar.
4 Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən? 5 Mən deyirəm ki, sən boş şeyə güvənirsən. Müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan? 6 * Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir. 7 Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsən. Məgər bu o Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız qurbangahın önündə səcdə edin› demədimi? 8 İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm. 9 Görək, sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən! 10 Məgər indi mən bu torpağı viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”».
11 Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük. Ancaq divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma». 12 Baş vəzir dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə, yoxsa divar üzərində oturan bu adamlara söyləyim? Axı onlar da sizinlə birgə nəcislərini yeyib, sidiklərini içəcəklər».
13 Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin! 14 Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi qurtara bilməyəcək. 15 Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”. 16 Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək. 17 Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları olan bir torpağa aparacağam. 18 ‹Rəbb bizi qurtaracaq› deyib qoy Xizqiya sizi azdırmasın. Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı? 19 Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin allahları? Samariyanı mənim əlimdən qurtardılarmı? 20 Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»
21 Camaat susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi. 22 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.
1 Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi. 2 O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. 3 Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. 4 Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».
5 Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə 6 Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. 7 Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
8 Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. 9 Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi: 10 «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın. 11 Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi? 12 Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardılarmı? 13 Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»
14 Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. 15 Xizqiya Rəbbə dua edib dedi: 16 * «Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. 17 Ya Rəbb, qulağın eşitsin, gözün görsün. Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi bütün sözlərə qulaq as. 18 Ya Rəbb, doğrudur, Aşşur padşahları bütün ölkələri və onların torpaqlarını talan etdi, 19 allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi. 20 Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!»
21 Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrail Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə dua etdin”. 22 Onun haqqında Rəbbin söylədiyi söz budur:
“Bakirə Sion qızı
Sənə xor baxıb lağ edir,
Yerusəlim qızı
Sənin arxanca başını bulayır.
23 Kimi söyüb küfr etdin?
Kimə qarşı səsini qaldırdın?
Kimə lovğalıqla baxdın?