8 İşi görmək üçün ürəkləri hikmətlə dolu bütün adamlar müqəddəs məskəni on pərdədən düzəltdilər. Pərdələri nəfis toxunmuş incə kətandan bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər. 9 Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac idi. Bütün pərdələr eyni ölçüdə idi. 10 Pərdənin beşini də bir-birinə birləşdirdilər. Digər beşini də bir-birinə birləşdirdilər. 11 Bir birləşmənin qıraq pərdəsinin kənarında bənövşəyi ilgəklər düzəltdilər; o biri birləşmənin qıraq pərdəsinin kənarında da eyni şəkildə ilgəklər düzəltdilər. 12 Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında da onlara uyğun gələn əlli ilgək düzəltdilər. 13 Qızıldan əlli bənd düzəltdilər. Bəndlərlə pərdələri bərkitdilər və çadırı birləşdirdilər. Beləliklə, müqəddəs məskən bütöv oldu.
14 Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəltdilər. 15 Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac idi. On bir pərdə bir ölçüdə idi. 16 Beş pərdəni ayrıca, altı pərdəni də ayrıca bitişdirdilər. 17 Bir birləşmənin qıraq pərdəsinin kənarındakı kimi o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəltdilər. 18 Çadırı birləşdirib bütöv etmək üçün tuncdan əlli bənd düzəltdilər. 19 Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəltdilər.
20 Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəltdilər. 21 Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım idi. 22 Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana var idi; məskənin bütün çərçivələrini belə düzəltdilər. 23 Məskənin cənub tərəfi üçün iyirmi çərçivə düzəltdilər. 24 Onların altına qoyulmaq üçün hər çərçivənin altındakı iki zivana üçün iki altlıq düzəltdilər; beləcə qırx gümüş altlıq düzəldildi. 25 Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə düzəltdilər. 26 Hər çərçivənin altında iki altlıq olmaqla qırx gümüş altlıq düzəltdilər. 27 Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəltdilər. 28 Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəltdilər; 29 bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxıldı; hər iki künc üçün o cür iki çərçivə düzəltdilər. 30 Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq düzəldildi.
31 Əbrişim ağacından şüvüllər düzəltdilər: məskənin hər iki tərəfdəki çərçivələri üçün beş şüvül, 32 məskənin qərbə doğru arxa çərçivələri üçün də beş şüvül düzəldildi. 33 Çərçivələrin ortasında bir ucdan o biri uca qədər uzanan orta şüvül düzəltdilər. 34 Çərçivələri qızılla örtdülər; şüvüllərin keçdiyi halqaları qızıldan düzəltdilər; şüvülləri də qızılla örtdülər.
35 Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər. 36 Onun üçün əbrişim ağacından dörd dirək düzəltdilər və onları qızılla örtdülər, üstündə qızıl qarmaqları qoydular; onlar üçün dörd gümüş altlıq tökdülər. 37 Çadırın girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməsi ilə düzəltdilər. 38 Onun beş dirək və qarmaqlarını da düzəltdilər. Yuxarılarını və bəndlərini qızılla örtdülər; beş altlığı isə tuncdan düzəltdilər.
1 Besalel əbrişim ağacından sandıq düzəltdi. Sandığın uzunluğu iki qulac yarım, eni qulac yarım və hündürlüyü qulac yarım idi. 2 Onu içəridən və bayırdan xalis qızılla örtdü, ətrafına isə qızıl zolaq qoydu. 3 Onun dörd ayağı üçün dörd tökmə qızıl halqa, iki halqanı bir yanı, qalan iki halqanı isə o biri yanı üçün düzəltdi. 4 Əbrişim ağacından şüvüllər düzəldib üzərini qızılla örtdü. 5 Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçirtdi.
6 Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi. 7 Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi. 8 Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi. 9 Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi.
10 Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım idi. 11 Onu xalis qızılla örtdü. Ətrafına qızıl zolaq qoydu. 12 Ətrafında eni bir ovuc olan yan lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu. 13 Masa üçün dörd qızıl halqa tökdü, halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi. 14 Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər idi. 15 Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü. 16 Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, piyalələri və içmə təqdimlərini tökmək üçün dolçaları düzəltdi.
17 Xalis qızıldan bir çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi. 18 Çıraqdanın yanlarından altı budaq – bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı. 19 Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül var idi. 20 Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül var idi. 21 Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi. 22 Qönçələr və budaqlar onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi. 23 Onun üçün yeddi çıraq düzəltdi. Maşaları və xəkəndazları da xalis qızıldan idi. 24 Çıraqdanı və onun bütün avadanlığını bir talant xalis qızıldan düzəltdi.
25 Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi. 26 Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu. 27 Onun üçün iki qızıl halqa düzəltdi; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi. 28 Şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.
29 * Ətriyyatçının işi olan Müqəddəs məsh yağını və təmiz ətirli buxuru da hazırladı.
1 Yandırma qurbanı üçün qurulan qurbangahı əbrişim ağacından düzəltdi. Dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac idi. 2 Qurbangahın dörd küncündə onunla bir hissədən olan dörd buynuz düzəltdi. Qurbangahın üstünü tuncla örtdü. 3 Qurbangahın bütün avadanlığını – kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları – hər şeyi tuncdan düzəltdi. 4 Qurbangah üçün kənarından aşağıya onun yarısına qədər yetişəcək torlu şəbəkəni tuncdan düzəltdi. 5 Tunc şəbəkənin dörd bucağında şüvüllərin keçdiyi dörd halqanı tökdü. 6 Əbrişim ağacından şüvüllər düzəldib üstünü tuncla örtdü. 7 Qurbangahı aparmaq üçün şüvülləri onun hər iki yanındakı halqalara taxdı. Qurbangahın içi boş və taxtadan idi.
8 Tunc ləyəni və onun tunc altlığını Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən düzəltdi.