May 7.mp3

2 Şamuel 15

1 Bir müddət keçəndən sonra Avşalom özü üçün bir döyüş arabası ilə atlar və onun qabağında qaçmaq üçün əlli adam hazırladı. 2 Avşalom tezdən durub darvaza yolunun kənarında dayanardı. O, hökm almaq üçün padşahın yanına aparılacaq davası olan hər adamı öz yanına çağırar, «Sən hansı şəhərdənsən?» deyə ondan soruşardı. O adam da deyərdi ki, qulun İsrailin filan qəbiləsindəndir. 3 Avşalom ona belə deyərdi: «Bax sənin işin yaxşı və düzgündür, lakin padşah tərəfindən heç kim sənə qulaq asmayacaq». 4 Avşalom deyərdi: «Kaş bu ölkəyə məni hakim qoyaydılar. O zaman mənim yanıma davası və yaxud da iddiası olub gələn hər adamın işinə ədalətlə baxardım». 5 Bir nəfər ona təzim etmək üçün yaxınlaşanda o əl uzadıb onu qucaqlayar və öpərdi. 6 Avşalom hökm üçün padşahın yanına gələn bütün İsraillilərlə belə rəftar edərdi. İsraillilərin könlünü bu surətdə ələ alardı.

7 Dörd il keçəndən sonra Avşalom padşaha dedi: «Rica edirəm, izin ver, gedib Xevronda Rəbbə əhd etdiyim qurbanı təqdim edim. 8 Çünki qulun Aram torpağının Geşur şəhərində qalanda belə əhd etmişdi: “Əgər Rəbb məni Yerusəlimə geri qaytarsa, Ona qulluq edəcəyəm”». 9 Padşah ona «salamat get» dedi. Avşalom qalxıb Xevrona getdi.

10 Avşalom İsrail qəbilələrinin hamısına gizli qasidlər göndərərək onlara tapşırdı: «Şeypur səsini eşidəndə “Avşalom Xevronda padşah oldu” deyin». 11 Yerusəlimdən çağırdığı iki yüz nəfər də Avşalomla getdi. Onlar pak niyyətlə onun arxasınca gedirdi və heç bir şeydən xəbərləri yox idi. 12 Avşalom qurbanları təqdim edərkən Davudun müşaviri Gilolu Axitofeli öz şəhərindən – Gilodan öz yanına gətirtdi. Fitnəkar dəstə qüvvətli idi, çünki Avşalomun yanında olan xalq get-gedə çoxalırdı.

13 Bir adam gəlib Davuda xəbər verərək dedi: «İsraillilər Avşaloma rəğbət bəsləyir». 14 Davud Yerusəlimdə – yanında olan bütün əyanlarına dedi: «Durun qaçaq, yoxsa Avşalomun qarşısından heç kim qaçıb qurtula bilməz. Cəld olun, gedək, yoxsa o tez gəlib bizə çatar, başımıza bəla açar və şəhəri qılıncdan keçirər». 15 Padşahın əyanları dedilər: «Ağam padşahın istədiyi kimi olsun, bax biz sənin qullarınıq». 16 Padşah və onun ardınca bütün külfəti çıxdı. Lakin padşah cariyələrindən on qadını evə nəzarət etmək üçün qoydu. 17 Padşah və ardınca bütün xalq çıxıb şəhərin sonuncu evində dayandı. 18 Bütün əyanları onun qarşısından keçdilər və bütün Keretlilər, Peletlilər və Qatdan onun ardınca gəlmiş altı yüz nəfər Qatlı da padşahın qarşısından keçdi.

19 Padşah Qatlı Yettaya dedi: «Sən niyə bizimlə gedirsən? Qayıt təzə padşahla qal. Sən ki yadellisən və öz yurdundan sürgünə aparılmış adamsan, qayıt öz yerinə. 20 Sən bura hələ dünən gəlmisən. Bu gün səni özümüzlə getməyəmi məcbur edim? Mən hara gedə bilsəm, ora gedəcəyəm. Sən isə qayıt, öz soydaşlarını da geri qaytar. Xeyirxahlıq və sədaqət sənə yar olsun!» 21 Yettay padşaha cavab verdi: «Var olan Rəbbə və ağam padşahımın canına and olsun, padşahım harada olsa, mütləq bu qulun ölsə də, qalsa da, orada olacaq». 22 Davud Yettaya dedi: «Onda gəl, keç». Qatlı Yettay ilə bütün adamları və yanında olan bütün uşaqlar gəlib onların tərəfinə keçdi. 23 Camaat keçərkən bütün bölgə əhalisi bərkdən ağlayırdı. Padşah da Qidron vadisini keçdi və bütün camaat çölə tərəf irəlilədi.

24 Sonra Sadoq Allahın Əhd sandığını daşıyan bütün Levililərlə bərabər gəldi. Allahın sandığını yerə qoydular. Bütün xalq şəhərdən tamamilə çıxandan sonra Evyatar da çıxdı. 25 Padşah Sadoqa yenə dedi: «Allahın sandığını şəhərə qaytar. Əgər mən Rəbbin gözündə lütf tapsam, O məni geri qaytarıb Öz sandığını və məskənini yenə mənə göstərər. 26 Lakin “səndən razı deyiləm” desə, budur, qoy gözündə nə yaxşı görünsə, mənim üçün elə etsin. Mən hazıram». 27 Padşah kahin Sadoqa dedi: «Sən görücü deyilsənmi? Sən oğlun Aximaas və Evyatarın oğlu Yonatanla bərabər salamat şəhərə qayıt. Sən və Evyatar iki oğlunuzu da özünüzlə aparın. 28 Baxın sizdən mənə hal-əhval bildirən söz çatana qədər mən çöldə – çayın dayaz yerində gözləyəcəyəm». 29 Sadoqla Evyatar Allahın sandığını Yerusəlimə geri qaytardı və orada qaldı.

30 Davud Zeytun dağının yoxuşu ilə çıxır və çıxarkən ağlayırdı. Başıörtülü, ayaqyalın gedirdi. Onunla bərabər gedən bütün xalq da başıörtülü dağı çıxır və gedə-gedə ağlayırdı. 31 Kimsə «Axitofel Avşalomun yanında – qiyamçılar arasındadır» deyə Davuda xəbər verdi. Davud dedi: «Ya Rəbb, Səndən diləyirəm, Axitofelin məsləhətlərini boşa çıxar». 32 Davud xalqın Allaha səcdə etdiyi təpənin başına çatanda, budur, Arklı Xuşay paltarı cırılmış və başı toz-torpaq içində onu qarşılamağa gəldi. 33 Davud ona dedi: «Əgər sən də mənimlə bərabər getsən, mənə yük olarsan. 34 Lakin əgər şəhərə qayıdıb Avşaloma “ey padşah, mən də sənin qulun olacağam. Keçmişdə necə atana qul oldumsa, sənə də indi elə qul olacağam” desən, o zaman mənim xeyrimə Axitofelin məsləhətini poza bilərsən. 35 Kahin Sadoq və kahin Evyatar orada səninlə deyilmi? Padşah sarayından eşidəcəyin hər şeyi kahinlərə – Sadoq və Evyatara bildirəcəksən. 36 Budur, iki oğlu – Sadoqun oğlu Aximaas, Evyatarın oğlu Yonatan onların yanındadır və eşidəcəyiniz hər şeyi onların əli ilə mənə çatdıracaqsınız». 37 Avşalom Yerusəlimə girərkən Davudun dostu Xuşay da şəhərə girdi.

2 Şamuel 16

1 * Davud təpə başından bir az yana keçərkən Mefiboşetin xidmətçisi Siva iki yüz kömbə çörək, yüz salxım quru üzüm, yüz ədəd yay meyvəsi və bir tuluq şərab yüklənmiş bir sürü palanlı eşşəklə onu qarşıladı. 2 Padşah Sivaya dedi: «Bunları hara aparırsan?» Siva dedi: «Eşşəkləri padşahın külfətinin minməsi, çörəklə yay meyvələrini nökərlərin yeməsi və bu şərabı isə çöldə olan yorğunların içməsi üçün gətirmişəm». 3 Padşah Sivaya dedi: «Bəs sənin ağanın oğlu haradadır?» Siva padşaha dedi: «Bax o “bu gün İsrail nəsli atamın padşahlığını mənə geri qaytaracaq” deyərək Yerusəlimdə qaldı». 4 Padşah Sivaya dedi: «Belə isə, onda Mefiboşetin hər şeyi sənindir». Siva cavab verdi: «Ayağının torpağı olum, ağam padşah, təki sənin gözündə lütf tapım».

5 Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı. 6 Davuda və Davudun adamlarına daş atırdı. Bütün xalq və igidlərin hamısı Davudun sağında və solunda idi. 7 Şimey Davuda lənət edərkən belə deyirdi: «Rədd ol, rədd ol, ey əliqanlı, yaramaz adam! 8 Yerinə padşah olduğun Şaul nəslinin tökülən qan qisasını Rəbb səndən alır. Rəbb padşahlığı oğlun Avşaloma verdi. Budur, sən öz şərinin qurbanısan, çünki sən əliqanlı insansan».

9 Seruya oğlu Avişay padşaha dedi: «Axı nə üçün bu köpək leşi ağam padşaha belə lənət etsin? İzin ver gedim, onun başını üzüm». 10 Padşah dedi: «Ey Seruya oğulları, axı məndən sizə nə? Madam ki lənət edir, demək Rəbb ona “Davuda lənət et” deyib. Elə isə kim ona “belə etmə” deyə bilər?» 11 Davud Avişaya və bütün əyanlarına dedi: «Bax əgər öz belimdən gələn oğlum canımı almaq istəyirsə, bu Binyaminli bundan daha betərini etməzmi? Buraxın onu, qoy o, lənətini etsin, çünki ona Rəbb belə əmr etmişdir. 12 Bəlkə Rəbb çəkdiyim əzabı görüb bu gün onun etdiyi lənətlərin əvəzinə mənə yaxşılıq edər». 13 Davud və adamları yolla gedirdi, Şimey isə onun qarşısında dağın yamacı ilə gedir və gedə-gedə lənət edir, ona daş-torpaq atırdı. 14 Padşahla yanındakı bütün xalq yorulmuşdu və bu yerdə dinclərini aldı.

15 Avşalom ilə bütün xalq – İsrail adamları Yerusəlimə gəldilər, Axitofel də onunla idi. 16 Davudun dostu Arklı Xuşay Avşalomun yanına gəlib «Yaşasın padşah! Yaşasın padşah!» dedi. 17 Avşalom Xuşaya dedi: «Dostuna etibarın budurmu? Niyə dostunla bərabər getmədin?» 18 Xuşay Avşaloma dedi: «Xeyr, mən ancaq Rəbbin, bu xalqın və bütün İsrail adamlarının seçdiyi adamın tərəfində olacağam və onunla da qalacağam. 19 Bir de görüm, axı mən kimə xidmət edəcəyəm, dostumun oğluna deyilmi? Atana necə qulluq etdimsə, sənə də elə qulluq edəcəyəm».

20 Avşalom Axitofelə dedi: «Məsləhətinizi verin görək, nə etməliyik?» 21 Axitofel Avşaloma dedi: «Evə nəzarət etmək üçün atanın qoyub getdiyi cariyələrin yanına gir. Onda atanın nifrətini qazandığını bütün İsraillilər eşidəcək və sənin tərəfində olanların hamısının əl-qolu qüvvətlənəcək». 22 * Dam üstündə Avşalom üçün çadır qurdular və bütün İsraillilərin gözü qarşısında Avşalom atasının cariyələrinin yanına girdi. 23 O zamanlar Axitofelin verdiyi məsləhət Allah kəlamına müraciət edən şəxsin aldığı məsləhətlərlə bərabər sayılırdı. Axitofelin hər məsləhəti Davud üçün də, Avşalom üçün də bu cür idi.

2 Şamuel 17

1 Axitofel Avşaloma dedi: «İndi seçəcəyim on iki min nəfərlə çıxıb bu gecə Davudu təqib edəcəyəm. 2 Gərək onu yorğun və qol-qanadı qırılmış ikən dəhşətə gətirim. Onda yanında olan bütün xalq qaçar və mən də yalnız padşahı öldürərəm. 3 Bütün xalqı isə sənə qaytararam. Hamının sənə tərəf dönməsi üçün axtardığın adamın öldürülməsi vacibdir. O zaman bütün xalq salamat qalar». 4 Bu söz Avşalomun və bütün İsrail ağsaqqallarının nəzərində doğru göründü.

5 Avşalom dedi: «İndi isə Arklı Xuşayı da çağır, bir onun da dediyinə qulaq asaq». 6 Xuşay Avşalomun yanına gəldi. Avşalom ona müraciət edib dedi: «Axitofel belə bir məsləhət verdi. Onun təklifinə əməl edəkmi? Əgər belə etməyəcəyiksə, sən məsləhətini ver». 7 Xuşay dedi: «Axitofelin bu dəfə verdiyi məsləhət yaxşı deyil». 8 Sonra Xuşay sözünə davam etdi: «Bilirsən ki, atan və adamları igiddir. Onlar çöldə balalarından məhrum olan ayı kimi qəzəbli adamlardır. Atan isə təcrübəli cəngavərdir, o xalqla bir yerdə gecələməz. 9 Bax indi mağaraların birində yaxud başqa bir yerdə gizlənmişdir. İlk həmlədə sizlərdən qırılanlar olsa, hər eşidən “Avşalomun ardınca gedən xalqın arasında qırğın var” deyəcək. 10 Aslan ürəyi kimi ürəyi olan igid oğul da bundan tamamilə yumşalıb əriyəcək. Çünki bütün İsrail bilir ki, atan qoçaqdır və onunla əlbir olan adamlar da igiddir. 11 Lakin mən belə məsləhət verirəm: Dandan Beer-Şevaya qədər bütün İsraillilər dəniz kənarında qum kimi yanına yığılsın və döyüşə şəxsən sən gedəsən. 12 Davudun qaldığı yerlərin birində onun üstünə gedərək torpağa düşən şeh kimi onların üstünə elə səpələnərik ki, nə özü, nə də ki yanındakı adamlardan biri belə, sağ qalmaz. 13 Əgər o bir şəhərə çəkilibsə, o zaman bütün İsraillilər oraya iplər gətirər və yerdə kiçik bir çınqıl belə, qalmayana qədər şəhəri vadiyə çəkib atarıq». 14 Avşalomla bütün İsrail adamları dedilər: «Arklı Xuşayın məsləhəti Axitofelin məsləhətindən yaxşıdır». Çünki Rəbb Avşalomun başına fəlakət gətirmək üçün Axitofelin yaxşı məsləhətinin pozulmasına qərar vermişdir.

15 Xuşay kahin Sadoqa və kahin Evyatara dedi: «Axitofel Avşaloma və İsrail ağsaqqallarına bu cür məsləhət verdi, mən də başqa cür məsləhət verdim. 16 İndi cəld Davudun yanına adam göndərin və ona belə deyin: “Bu gecə çöldə, çayın dayaz yerində qalma, mütləq qarşı tərəfə keç, yoxsa padşah və onunla birlikdə bütün xalq məhv olacaq”». 17 Yonatanla Aximaas En-Rogeldə qalırdılar. Bir qulluqçu qız gedib onlara məlumat gətirir, onlar da gedib bunu padşah Davuda çatdırırdılar. Ona görə ki şəhər içərisində görünə bilməzdilər. 18 Lakin bir gənc onları görüb Avşaloma xəbər verdi. Ona görə də Yonatanla Aximaas cəld gedib Baxurimdə bir adamın evinə girdilər. Bu adamın həyətində bir quyu var idi. Onlar quyunun içinə girdilər. 19 Ev sahibəsi bir örtük götürüb quyunun üstünə döşəyib ora yarma sərdi və heç bir şey bilinmədi. 20 Avşalomun adamları bu evə – qadının yanına gəlib dedilər: «Aximaas və Yonatan haradadır?» Qadın onlara dedi: «Çayı keçdilər». Onlar axtarmağa başladılar, lakin heç kəsi tapa bilməyib Yerusəlimə qayıtdılar.

21 Avşalomun adamları gedəndən sonra Yonatanla Aximaas quyudan çıxdı və gedib padşah Davuda xəbər verərək dedi: «Qalxın, tez axar sulardan keçin, çünki Axitofel sizə qarşı bu cür məsləhət verib». 22 Davud və yanında olan bütün xalq qalxıb İordan çayını keçdilər və səhər açılana qədər çayı keçməmiş adam qalmadı. 23 Axitofel görəndə ki işlər onun məsləhətinə görə edilməyib, eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü və onu atasının qəbri yanında basdırdılar.