1 İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol. 2 Əhdimi Özümlə sənin aranda qoyacağam və nəslini lap çoxaldacağam». 3 İbram üzüstə düşdü. Allah onunla danışıb dedi: 4 «Mən səninlə əhd bağlamışam, sən çoxlu millətin atası olacaqsan. 5 * Daha sənə İbram deyilməyəcək, bu gündən adın İbrahim * olacaq, çünki səni çoxlu millətin atası etdim. 6 Nəslini lap çoxaldacağam, səndən millətlər törədəcəyəm və nəslindən padşahlar çıxacaq. 7 * Özümlə sənin və səndən sonrakı nəslinin arasında əbədi əhd qoyuram ki, Mən sənin və səndən sonrakı nəslinin Allahı olacağam. 8 * Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı – bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və onların Allahı olacağam».
9 Sonra Allah İbrahimə dedi: «Sən və səndən sonrakı övladların nəsillər boyu əhdimə əməl edin. 10 * Mənim səninlə və səndən sonrakı nəslinlə bağladığım, sizin əməl edəcəyiniz əhdin əlaməti budur: qoy aranızda olan bütün kişilər sünnət olunsun. 11 Sünnət ətinizi kəsin; bu Mənimlə sizin aranızda olan əhdin əlaməti olacaq. 12 Evinizdə doğulmuş yaxud nəslinizdən olmayıb bir yadellidən satın alınmış kişi cinsindən olan hər uşaq səkkizinci gün sünnət olunsun; bu, nəsildən-nəslə davam etsin. 13 Evinizdə doğulmuş yaxud satın alınmış hər uşaq mütləq sünnət olunmalıdır. Beləcə Mənim əhdimin əlaməti əbədi olaraq bədəninizdə olacaq. 14 Sünnət əti kəsilməmiş kişi cinsindən olan hər kəs xalqının arasından qovulacaq, çünki əhdimi pozmuş olacaq».
15 Allah yenə İbrahimə dedi: «Arvadın Saraya isə artıq Saray demə. Bundan sonra onun adı Sara † olacaq. 16 Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq». 17 İbrahim üzüstə düşdü və gülüb ürəyində dedi: «Yüz yaşlı adamın oğlu ola bilərmi? Doxsan yaşında olan Sara doğacaqmı?» 18 Sonra İbrahim Allaha dedi: «Kaş ki İsmail Sənin önündə xeyir-dua alaydı!» 19 Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq‡ qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm. 20 İsmail barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua verəcəyəm, onu bəhərli edəcəyəm, nəslini lap çoxaldacağam. O, on iki başçının atası olacaq. Ondan böyük bir millət törədəcəyəm. 21 Əhdimi isə gələn il bu vaxt Saranın sənə doğacağı İshaqla saxlayacağam». 22 Allah İbrahimlə söhbətini bitirərək ondan ayrılıb yuxarı çəkildi.
23 İbrahim oğlu İsmaili, evində doğulan bütün nökərləri, satın aldığı hər kəsi – öz evində kişi cinsindən olan bütün adamları götürüb həmin gün Allahın ona dediyi kimi sünnət etdi. 24 Sünnət əti kəsilən vaxt İbrahim doxsan doqquz yaşında idi. 25 Oğlu İsmail isə sünnət əti kəsilən vaxt on üç yaşında idi. 26 İbrahim oğlu İsmaillə birgə həmin gün sünnət olundu. 27 Onunla birgə evdəki bütün kişilər – evində doğulan və yadellilərdən satın alınmış hər kəs sünnət olundu.
1 Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu. 2 * O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi: 3 «Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə. 4 İndi bir az su gətirərlər, ayaqlarınızı yuyub, ağac altında dincələrsiniz. 5 Mən isə bir parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz qulunuzun yanından keçirdiniz». Onlar dedilər: «Dediyin kimi elə».
6 İbrahim çadıra – Saranın yanına qaçıb dedi: «Tez ol, üç sea narın un götürüb xəmir yoğur və kökə bişir». 7 İbrahim mal-qaraya tərəf qaçdı. Oradan körpə və yaxşı bir buzov götürüb nökərinə verdi. Nökər də onu hazırlamaq üçün tələsdi. 8 İbrahim kəsmiyi, südü və hazırladığı buzovu götürüb onların qabağına qoydu, özü isə ağacın altında, onların yanında durdu. Onlar da yedilər.
9 Sonra İbrahimə dedilər: «Arvadın Sara haradadır?» O dedi: «Burada çadırdadır». 10 * Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq». Sara onun arxasında, çadırın girəcəyində durub qulaq asırdı. 11 İbrahim və Sara qocalıb yaşa dolmuşdular. Sara aybaşıdan kəsilmişdi. 12 * O, ürəyində gülüb dedi: «Qocaldığım halda mənə belə şadlıq üz verə bilərmi? Ağam da qocadır». 13 Rəbb İbrahimə dedi: «Sara nə üçün “Qocaldıqdan sonra mən uşaq doğa bilərəmmi?” deyib güldü? 14 * Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq». 15 Sara qorxduğu üçün «gülmədim» deyib inkar etdi. Ancaq Rəbb dedi: «Xeyr, güldün». 16 O adamlar qalxıb oradan Sodoma tərəf baxdılar. İbrahim onları yola salmaq üçün onlarla birgə getdi.
17 O vaxt Rəbb dedi: «Mən edəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi? 18 Həqiqətən, İbrahimdən böyük və güclü bir millət törəyəcək, onun vasitəsilə yer üzünün bütün millətləri xeyir-dua alacaq. 19 Çünki Mən onu seçdim ki, oğullarına və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın. Rəbb də İbrahim barədə dediyi sözü yerinə yetirsin». 20 Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. 21 Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim».
22 O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu. 23 İbrahim yaxın gəlib dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? 24 Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən? 25 Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz». 26 Rəbb dedi: «Əgər Sodom şəhərində əlli nəfər saleh adam tapsam, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm».
27 İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm: 28 əlli nəfərdən beş nəfər az saleh adam tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?» Rəbb dedi: «Əgər orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam».
29 İbrahim yenə Onu dilə tutub dedi: «Əgər orada qırx nəfər tapılsa, necə?» Rəbb dedi: «Qırx nəfərin də xatirinə bunu etmərəm».
30 İbrahim dedi: «Mən çox danışdığım üçün Rəbb qəzəblənməsin: əgər orada otuz nəfər tapılsa, necə?» Rəbb dedi: «Əgər orada otuz nəfər də tapılsa, bunu etmərəm».
31 İbrahim dedi: «Mən yenə də Rəbbə bunu söyləməyi cəsarət edirəm: orada iyirmi nəfər tapılsa, necə?» Rəbb dedi: «İyirmi nəfərin də xatirinə oranı məhv etmərəm».
32 İbrahim dedi: «Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam: orada on nəfər tapılsa, necə?» Rəbb dedi: «On nəfərin də xatirinə oranı məhv etmərəm».
33 Rəbb İbrahimlə söhbətini bitirib getdi. İbrahim də öz yerinə qayıtdı.