1 O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini və sağaldığını eşitmişdi. 2 Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarındakı bütün əşyaları elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün torpağında onlara göstərmədiyi bir şey qalmadı.
3 Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib, ona dedi: «Bu adamlar nə dedi? Onlar sənin yanına haradan gəldi?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər». 4 Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı».
5 Onda Yeşaya Xizqiyaya dedi: «Ordular Rəbbinin sözünü dinlə: 6 “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb. 7 * “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaqlar”». 8 Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq».
1 Allahınız deyir:
«Təsəlli verin xalqıma, təsəlli verin!
2 Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin!
Əsirlik dövrünün qurtarmasını,
Təqsirlərinin əvəzinin verilməsini,
Bütün günahlarına görə Rəbbin əlindən
İkiqat cəza aldıqlarını onlara bəyan edin».
«Səhrada Rəbbin yolunu hazırlayın,
Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin.
4 Hər dərə yüksəldiləcək,
Hər dağ və təpə aşağı endiriləcək,
Yoldakı əyriliklər düzələcək,
Kələ-kötür yerlər hamar ediləcək.