Aprel 7.mp3

Yeşua 21

1 * O zaman Levililərin nəsil başçıları kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladları qəbilələrinin nəsil başçılarına yaxınlaşdılar. 2 Kənan torpağında yerləşən Şiloda onlara belə dedilər: «Rəbb Musa vasitəsilə bizə yaşamaq üçün şəhərlər, heyvanlarımız üçün otlaqlar verməyi əmr edib». 3 İsrail övladları Rəbbin əmrinə görə öz irs torpaqlarından bu şəhərləri və oranın otlaqlarını Levililərə verdilər.

4 Püşk Qohatdan olan nəsillərə düşdü. Levililərdən olan kahin Harun övladlarına Yəhuda, Şimeon və Binyamin qəbilələrindən püşk ilə on üç şəhər verildi. 5 Digər Qohat övladlarına isə Efrayim qəbiləsinin nəsillərindən, Dan qəbiləsindən və Menaşşe qəbiləsinin yarısından püşk ilə on şəhər verildi.

6 Gerşon övladlarına İssakar qəbiləsi nəsillərindən, Aşer, Naftali qəbilələrindən, Başanda Menaşşe qəbiləsinin yarısından püşk ilə on üç şəhər verildi.

7 Nəsillərinə görə Merari övladlarına Ruven, Qad, Zevulun qəbilələrindən on iki şəhər verildi.

8 İsrail övladları Musa vasitəsilə Rəbbin əmr etdiyinə görə bu şəhərləri və onların otlaqlarını püşk ilə Levililərə verdilər. 9 Onlara Yəhuda və Şimeon övladlarının qəbilələrindən adları göstərilən bu şəhərləri verdilər. 10 Bunlar Levililərdən olan Qohat övladlarından Harun övladları üçün idi, çünki ilk püşk onların idi. 11 Yəhudanın dağlıq bölgəsindəki Anaqlıların atası Arbanın adı ilə adlanan Qiryat-Arba şəhərini, yəni Xevronu və ətrafında olan otlaqları onlara verdilər. 12 Amma şəhərin tarlaları ilə kəndlərini mülk olaraq Yefunne oğlu Kalevə verdilər.

13 Kahin Harun övladlarına qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Xevronla otlaqlarını, Livna ilə otlaqlarını, 14 Yattirlə otlaqlarını, Eştemoa ilə otlaqlarını, 15 Xolonla otlaqlarını, Devirlə otlaqlarını, 16 Ayin, Yutta, Bet-Şemeş şəhərləri ilə otlaqlarını. Bu, iki qəbilədən cəmi doqquz şəhər idi. 17 Binyamin qəbiləsindən isə bu şəhərləri verdilər: Giveonla otlaqlarını, Geva ilə otlaqlarını, 18 Anatotla otlaqlarını, Almonla otlaqlarını. Bu, dörd şəhər idi. 19 Harun övladlarının, kahinlərin bütün şəhərləri otlaqları ilə birgə on üç şəhər idi.

20 Levililərdən olan digər Qohat övladlarına nəsillərinə görə püşklə düşən Efrayim qəbiləsinə aid şəhərləri verdilər. 21 Onlara Efrayimin dağlıq bölgəsində qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Şekemlə otlaqlarını, Gezerlə otlaqlarını, 22 Qivsayimlə otlaqlarını, Bet-Xoronla otlaqlarını verdilər. Bunlar cəmi dörd şəhər idi. 23 Dan qəbiləsindən bu şəhərləri verdilər: Elteqe ilə otlaqlarını, Gibbetonla otlaqlarını, 24 Ayyalonla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar da dörd şəhər idi. 25 Menaşşe qəbiləsinin yarısından isə bu şəhərləri verdilər: Taanakla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar isə iki şəhər idi. 26 Digər Qohat övladlarına nəsillərinə görə verilən bütün şəhərlər otlaqları ilə birlikdə on şəhər idi.

27 Levililərin nəsillərindən Gerşon övladlarına Menaşşe qəbiləsinin yarısından qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Başandakı Qolanla otlaqlarını, Beeştera ilə otlaqlarını verdilər. Bunlar iki şəhər idi. 28 İssakar qəbiləsindən Qişyonla otlaqlarını, Davratla otlaqlarını, 29 Yarmutla otlaqlarını, En-Qannimlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi. 30 Aşer qəbiləsindən Mişalla otlaqlarını, Avdonla otlaqlarını, 31 Xelqatla otlaqlarını, Rexovla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi. 32 Naftali qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Qalileyadakı Qedeşlə otlaqlarını, Xammot-Dorla otlaqlarını və Qartanla otlaqlarını verdilər. Bunlar üç şəhər idi. 33 Nəsillərinə görə Gerşonluların bütün şəhərləri otlaqları ilə birlikdə on üç şəhər idi.

34 Levililərdən olan Merari övladlarının nəsillərinə bu şəhərləri verdilər: Zevulun qəbiləsindən Yoqneamla otlaqlarını, Qarta ilə otlaqlarını, 35 Dimna ilə otlaqlarını, Nahalalla otlaqlarını. Bunlar dörd şəhər idi. 36 Onlara Ruven qəbiləsindən Beserlə otlaqlarını, Yahsa ilə otlaqlarını, 37 Qedemotla otlaqlarını, Mefaatla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi; 38 Qad qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Gileaddakı Ramotla otlaqlarını, Maxanayimlə otlaqlarını, 39 Xeşbonla otlaqlarını, Yazerlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi. 40 Bunların hamısı Merari övladlarının, yəni Levililərdən qalan nəsillərin şəhərləri idi. Onların püşkü on iki şəhərə düşmüşdü.

41 İsrail övladlarının irsi arasında Levililərin bütün şəhərləri otlaqları ilə birlikdə qırx səkkiz şəhər idi. 42 Bu şəhərlərin hər birinin ətrafında otlaqları var idi. Şəhərlərin hamısı belə idi.

43 Rəbb atalarına etdiyi anda görə vəd etdiyi bütün torpağı İsraillilərə verdi. Onlar bu torpağa sahib oldular və orada məskən saldılar. 44 Rəbb atalarına etdiyi anda görə hər şeydə onlara hər tərəfdən dinclik verdi və bütün düşmənlərindən heç biri onların qarşısında dura bilmədi. Rəbb bütün düşmənlərini onlara təslim etdi. 45 Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.

Yeşua 22

1 O zaman Yeşua Ruvenliləri, Qadlıları, Menaşşe qəbiləsinin yarısını çağırıb dedi: 2 * «Siz Rəbbin qulu Musanın əmr etdiyi hər şeyə əməl etdiniz və mənim sizə əmr etdiyim hər şeydə sözümə qulaq asdınız. 3 Bu günə qədər keçən uzun müddət ərzində soydaşlarınızı tərk etmədiniz və Allahınız Rəbbin sizə buyurduğu işlərə əməl etdiniz. 4 Ona görə də Allahınız Rəbb soydaşlarınıza vəd etdiyi kimi əmin-amanlıq verdi. İndi Rəbbin qulu Musanın İordan çayının o tərəfində sizə mülk olaraq verdiyi torpağa, öz çadırlarınıza qayıdın. 5 Ancaq Rəbbin qulu Musanın sizə buyurduğu əmrə və qanuna əməl etməyə səylə çalışın. Allahınız Rəbbi sevin, tamamilə Allahın göstərdiyi yolla gedin və əmrlərinə əməl edin, Ona bağlanın, bütün qəlbinizlə, bütün varlığınızla yalnız Ona qulluq edin». 6 Yeşua onlara xeyir-dua verib yola saldı və onlar çadırlarına qayıtdılar.

7 Musa Başanda Menaşşe qəbiləsinin yarısına irs torpağı vermişdi. Yeşua isə İordan çayının qərb tərəfində bu qəbilənin o biri yarısına soydaşları arasında irs torpağı verdi. Yeşua onları çadırlarına göndərən zaman xeyir-dua verdi. 8 Onlara belə dedi: «İndi öz çadırlarınıza çoxlu var-dövlətlə qayıdırsınız. Özünüzə xeyli heyvan, qızıl-gümüş, tunc, dəmir və çoxlu paltar götürmüsünüz. Düşmənlərinizdən qarət etdiyiniz bu malı soydaşlarınıza paylayın».

9 Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı Kənan torpağındakı Şilodan, İsrail övladlarının yanından qayıtdılar. Onlar Rəbbin əmrinə görə Musa vasitəsilə sahib olduqları Gilead torpağına – mülk olaraq onlara verilən torpağa yola düşdülər.

10 Onlar Kənan torpağında olan İordan çayının yanındakı Gelilota çatdılar. Orada – İordan çayının yanında Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı bir qurbangah – möhtəşəm görünüşlü qurbangah qurdular. 11 İsrail övladları bunu eşitdilər: «Budur, Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı Kənan torpağının sərhədində – İordan çayının yanındakı Gelilotda, İsrail övladlarına aid olan tərəfdə bir qurbangah qurub». 12 İsrail övladları bunu eşidəndə bütün İsrail övladlarının icmasını onlara qarşı döyüşə çıxmaq üçün Şiloya çağırdılar.

13 İsrail övladları Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına kahin Eleazar oğlu Pinxası, 14 onunla birlikdə İsrail qəbilələrinin hər biri üçün nəsil rəhbəri olmaqla on rəhbər göndərdilər. Onların hər biri İsrail tayfaları arasında nəsil başçıları idi. 15 Onlar Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına gələrək belə dedi: 16 * «Rəbbin icması hamılıqla belə deyir: “Nədir İsrailin Allahına belə xəyanət etdiniz? Niyə Rəbbin yolundan döndünüz və bu gün özünüzə başqa qurbangah quraraq Ona qarşı üsyan etdiniz? 17 * Rəbbin icması üzərinə bəla gətirən və bu günə qədər də təmizlənmədiyimiz Peor günahı məgər bizə azlıq edir ki, 18 bu gün də Rəbbin yolundan dönürsünüz? Əgər siz bu gün Rəbbə qarşı üsyan etsəniz, O da sabah bütün İsrail icmasına qəzəblənəcək. 19 Əgər sahib olduğunuz torpaq murdardırsa, Rəbbin məskəninin yerləşdiyi – Rəbbin mülkü olan torpağa keçin. Qoy torpaq payınız bizim aramızda olsun. Allahımız Rəbbin qurbangahından başqa özünüzə qurbangah qurmaqla Rəbbə və bizə qarşı üsyan etməyin. 20 * Zerah oğlu Akan məhv edilmək üçün həsr olunan şeylərdən götürməklə xəyanət etmədimi? Ona görə bütün İsrail icması üzərinə qəzəb gəlmədimi? Bu günahdan ötrü o adam tək özü məhv olmadı”».

21 Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı İsrail tayfalarının başçılarına cavab verdilər: 22 «Qadir Allah Rəbb! Qadir Allah Rəbb! O bilir, qoy İsrail də bilsin. Əgər Rəbbin əleyhinə çıxıb üsyan edəriksə, qoy bu gün O bizə qənim olsun! 23 Əgər Rəbbin yolundan dönmək üçün üzərində yandırma qurbanları, taxıl təqdimləri, ünsiyyət qurbanları təqdim etməkdən ötrü özümüzə başqa bir qurbangah qurmuşuqsa, qoy Rəbb Özü bunun cavabını bizdən istəsin. 24 Amma bunu qorxaraq bu məqsədlə etdik ki, sabah sizin övladlarınız övladlarımıza deməsinlər: “İsrailin Allahı Rəbdən sizə nə? 25 Ey Ruven övladları, ey Qad övladları! Rəbb sizinlə bizim aramızda İordan çayını sərhəd qoydu. Rəbdə sizin payınız yoxdur”. Bununla da sizin övladlarınız bizim övladlarımızı Rəbb qorxusundan döndərə bilər. 26 Ona görə belə dedik: “Özümüzə bir qurbangah qurmaq üçün işə başlayaq”. Bu qurbangah yandırma qurbanı və başqa qurbanlar üçün deyil, 27 bizimlə sizin aranızda və sonrakı nəsillərimiz arasında şahid olmaq üçündür. Ta ki biz də yandırma qurbanlarımız, başqa qurbanlarımız və ünsiyyət qurbanlarımızla Rəbbin hüzurunda Ona xidmət edək. Sabah sizin övladlarınız da bizim övladlarımıza “Rəbdə sizin payınız yoxdur” deməsinlər. 28 Biz dedik: “Sabah bizə yaxud nəsillərimizə belə desələr, biz də belə cavab verərik ki, atalarımızın qurduğu Rəbbin qurbangahının surətinə baxın. Bu yandırma qurbanlar və başqa qurbanlar üçün deyil, yalnız sizinlə bizim aramızda şahid olmaq üçündür”. 29 Rəbbə qarşı üsyan etmək, bu gün Rəbbin yolundan dönmək, yandırma qurbanı, taxıl təqdimləri, başqa qurbanlar üçün Allahımız Rəbbin məskəni qarşısında olan Öz qurbangahından başqa qurbangah qurmaq qoy bizdən uzaq olsun».