9 İsrailin bütün qəbilələrində hər kəs mübahisə edib deyirdi: «Padşah bizi düşmənlərimizin əlindən qurtardı və Filiştlilərin əlindən xilas etdi. İndi isə Avşaloma görə o bu ölkədən qaçdı. 10 Bizə hakim olmaq üçün məsh etdiyimiz Avşalom isə döyüşdə öldü. İndi padşahı geri qaytarmaq barədə niyə susursunuz?»
11 Padşah Davud kahin Sadoq və kahin Evyatara bu xəbəri göndərib dedi: «Yəhuda ağsaqqallarına belə deyin: “Padşahı evinə qaytarmaqda siz niyə axıra qalırsınız? Bütün İsraildə gəzən söz-söhbət padşahın qulağına çatmışdır. 12 Siz mənim qardaşlarım, ətimdən, sümüyümdənsiniz. Niyə padşahı geri qaytarmaqda axıra qalmısınız?” 13 Amasaya da deyin ki, məgər sən də mənim ətimdən, sümüyümdən deyilsənmi? Daim mənim qarşımda Yoavın yerinə ordu başçısı olmasan, qoy Allah mənə beləsini və bundan betərini etsin». 14 Beləliklə o, bir nəfər kimi bütün Yəhudalıların könlünü aldı və onlar padşahın yanına adam göndərib dedilər: «Ey padşah, sən bütün qullarınla bərabər geri qayıt». 15 Padşah geri qayıtdı və İordan çayına çatdı. Yəhudalılar padşahı qarşılamaq və onu İordan çayından keçirmək üçün Qilqala gəldilər.
16 * Baxurimdən olan Binyaminli Geranın oğlu Şimey də Yəhuda adamları ilə birgə padşah Davudu qarşılamaq üçün cəld tərpənib aşağı endi. 17 Onun yanında Binyamindən min nəfər və Şaul evinin xidmətçisi Siva ilə on beş oğlu və iyirmi qulu var idi. Onlar İordan çayına tərəf – padşahın qarşısına çıxmağa tələsdilər. 18 Padşahın külfətini çaydan keçirmək və onu razı salmaq üçün qayıqla o tay-bu taya keçirtdilər. Gera oğlu Şimey padşah İordan çayını keçən kimi onun qabağında yerə sərildi. 19 O, padşaha dedi: «Qoy ağam məni günahkar saymasın və ağam padşah Yerusəlimdən çıxdığı gün bu qulunun etdiyi azğınlığı ürəyinə salıb xatırlamasın. 20 Çünki günah etdiyimi bu qulun özü də bilir və budur, ağam padşahı qarşılamaq üçün bütün Yusif nəslindən hamıdan əvvəl bu gün mən gəlmişəm».
21 Lakin Seruya oğlu Avişay cavab verib dedi: «Sən Rəbbin məsh etdiyinə lənət yağdırdın. Ona görə sən Şimey öldürülməlisən». 22 Davud dedi: «Ey Seruya oğulları, məndən sizə nə? Niyə mənə düşmənçilik edirsiniz? Heç bu gün də İsraildə kimi isə öldürmək olarmı? Məgər mən bilmirəm ki, bu gün İsrailin padşahı mənəm?» 23 Padşah sonra Şimeyə dedi: «Sənə ölüm yoxdur». Buna görə padşah ona and içdi.
24 * Şaulun nəvəsi Mefiboşet padşahı qarşılamağa gəldi. Padşah gedən gündən evinə sağ-salamat qayıdan günə qədər o, ayaqlarına baxmamış, bığlarını kəsməmiş və paltarlarını yumamışdı. 25 Padşahı qarşılamaq üçün Yerusəlimə gələn zaman padşah ona dedi: «Mefiboşet, bəs niyə sən də mənimlə getmədin?» 26 O isə cavab verib dedi: «Ey ağam padşah, xidmətçim məni aldatdı, çünki bu qulun demişdi ki, padşahla bərabər getmək üçün eşşəyə palan vurub üstünə minim. Axı qulun şikəstdir. 27 Lakin xidmətçim ağam padşahın qarşısında quluna böhtan atdı. Ağam padşah Allahın mələyi kimidir. İndi sənin gözündə nə xoşdursa, mənə et. 28 Atamın bütün evi ağam padşahın önündə ölümdən başqa bir şeyə layiq deyilkən sən bu qulunu öz süfrəndə yemək yeyənlər arasında qoydun. Artıq padşahdan bir şey istəməyə nə haqqım var ki?» 29 Padşah ona dedi: «Öz işlərin haqqında nə üçün sözü uzadırsan? Sən və Siva torpağı öz aranızda bölün, deyirəm». 30 Mefiboşet padşaha dedi: «İndi ki padşah öz sarayına salamat gəldi, qoy hər şeyi o götürsün».
31 * Gileadlı Barzillay Rogelimdən gəlmişdi. Padşahı İordan çayından keçirmək üçün onunla bərabər o da İordan çayına qədər getdi. 32 Barzillay səksən yaşına çatmış, yaşlanmışdı. Padşah Maxanayimdə qalan zaman Barzillay onun dolanacağını təmin etmişdi, çünki o çox böyük adam idi. 33 Padşah Barzillaya dedi: «Mənimlə bərabər çayı keç, səni Yerusəlimdə öz yanımda dolandırım». 34 Barzillay padşaha dedi: «Ömrümün illəri və günlərinin tamamına nə qalıb ki, padşahla bərabər Yerusəlimə qalxım? 35 Mənim bu gün səksən yaşım var, yaxşını pisdən ayıra bilirəmmi? Bu qulun heç yediyinin, içdiyinin dadını bilirmi? Kişi və qadın xanəndələrinin səsini eşidə bilərəmmi? Belə isə, nə üçün bu qulun ağam padşaha artıq yük olsun? 36 Bu qulun ancaq padşahla İordan çayını keçib bir az yol getmək istəyir. Axı niyə görə padşah mənə belə mükafat versin? 37 Qoy mən qulun qayıdıb öz şəhərimdə – ata-anamın qəbrinin yanında ölüm. Lakin budur, qulun Kimham, qoy o, ağam padşahla çayı keçsin və sən də gözündə xoş görünəni onun üçün et». 38 Padşah dedi: «Kimham mənimlə bərabər o taya keçəcək, sənin gözündə xoş olanı onun üçün edəcəyəm. Məndən umduğun hər şeyi sənin üçün edəcəyəm». 39 Bütün xalq İordan çayını keçdi. Padşah da çayı keçdi. Sonra padşah Barzillayı öpdü və ona xeyir-dua verdi. O da öz yerinə qayıtdı.
40 Padşah Qilqala tərəf yolunu davam etdirdi və Kimham da onunla bir getdi. Bütün Yəhuda xalqı və İsrail xalqının yarısı padşahı müşayiət edirdi. 41 Bütün İsraillilər padşahın yanına gəlib və padşaha dedi: «Nə üçün qardaşımız Yəhudalılar səni oğurladılar? Nə üçün padşah Davudla külfətini və yanındakı bütün adamları İordan çayından keçirtdilər?» 42 Bütün Yəhudalılar İsraillilərə cavab verdilər: «Çünki padşah qohumumuzdur. Belə isə nə üçün bundan qəzəblənirsiniz? Biz padşah kasasından bir şey yedikmi? Yaxud padşah bizə bir hədiyyə verdimi?» 43 İsraillilər Yəhudalılara cavab verib dedilər: «Padşah bizə sizdən on qat artıq yaxındır. Davudda bizim sizdən də artıq haqqımız var. Axı niyə bizə xor baxırsınız? Padşahı geri qaytarmaqdan ilk bəhs edən biz deyildikmi?» Lakin Yəhudalılar İsraillilərdən daha ötkəm danışırdılar.
1 * Elə bu zamanlar Binyaminli Bikri oğlu Şeva adında yaramaz bir adam təsadüfən Qilqalda idi. O, şeypur çalıb dedi:
«Bizim Davudla şərikliyimiz yoxdur.
Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur!
Ey İsraillilər, hərə öz çadırına!»
2 Bütün İsraillilər də Davudu atıb Bikri oğlu Şevanın ardınca getdi. Lakin Yəhudalılar padşahları Davuda sadiq qalaraq İordan çayından Yerusəlimə qədər onu müşayiət etdi.
3 * Padşah Davud Yerusəlimdəki evinə gedib on qadını – sarayı qorumaq üçün saxladığı cariyələri götürərək öz nəzarəti altında saxladı və onların yaşayışını təmin etdi, lakin yanlarına girmədi. Ölənə qədər bu qadınlar dul kimi qalaraq qapalı saxlandılar.
4 Padşah Amasaya dedi: «Üç gün ərzində Yəhudalıları mənim yanıma çağır və özün də burada ol». 5 Amasa Yəhudalıları bir yerə çağırmaq üçün getdi, lakin onun üçün təyin olunan vaxtda geri qayıtmadı. 6 Davud Avişaya dedi: «İndi Bikri oğlu Şeva bizə Avşalomdan daha çox ziyan vuracaq. Sən ağanın qullarını götür, onu təqib etməyə get. Yoxsa o özünə qala divarlı şəhərlər tapar və gözümüzdən qaçar». 7 Beləcə Yoavın adamları, Keretlilərlə Peletlilər və bütün cəngavərlər Bikri oğlu Şevanı təqib etmək üçün Avişayın başçılığı altında Yerusəlimdən çıxdılar.
8 Onlar Giveondakı böyük qayanın yanında olanda Amasa onları qarşılamağa gəldi. Yoav döyüş libasını geymişdi və paltarının üstündə kəməri var idi. Kəmərinə bağlı qınında olan bir qılınc belində idi. O irəliyərkən qılınc qınından çıxdı. 9 Yoav Amasaya dedi: «Qardaşım, yaxşısanmı?» Sonra Yoav onu öpmək üçün sağ əli ilə Amasanın saqqalından yapışdı. 10 Amasa isə Yoavın sol əlindəki qılınca əhəmiyyət vermədi. Yoav qılıncı ilə Amasanın qarnından vurub bağırsaqlarını yerə elə tökdü ki, ikinci zərbəyə ehtiyac qalmadan Amasa öldü. Yoavla qardaşı Avişay Bikri oğlu Şevanı təqib etdilər. 11 Yoavın adamlarından biri onun yanında durub dedi: «Kim Yoavdan razıdırsa, kim Davudun tərəfindədirsə, Yoavın ardınca gəlsin». 12 Amasa əsas yolun ortasında qan içində üzürdü. Yoavın tərəfdarı həmin adam gördü ki, Amasanın cəsədinin yanına gələn hər kəs dayanır. Xalqın dayandığını gördüyü üçün cəsədi böyük yoldan götürüb çölə apararaq üstünə bir paltar atdı. 13 Amasa böyük yoldan götürüləndən sonra hamı Bikri oğlu Şevanı təqib etmək üçün Yoavın ardınca getdi.
14 Şeva Avel-Bet-Maaka və bütün Berim diyarlarına qədər bütün İsrail qəbilələrinin içərisindən keçdi və bütün camaat yığılıb onun ardınca getdi. 15 Yoavın yanındakı bütün xalq gəlib Şevanın qaldığı Avel-Bet-Maaka şəhərini mühasirəyə aldı və şəhərin qarşısında bir torpaq qalağı tökdü. Onlar divarı uçurtmaq üçün lağım atarkən 16 bir ağıllı qadın şəhərdən qışqırıb dedi: «Qulaq asın! Qulaq asın! Rica edirəm, Yoava söyləyin ki, buraya yaxınlaşsın, ona sözüm var». 17 Yoav ona yaxınlaşanda qadın «Yoav sənsən?» dedi. O «bəli, mənəm» dedi. Qadın ona dedi: «Sən bu kənizinin sözünə qulaq as». Yoav «eşidirəm səni» dedi. 18 Qadın sözünə davam etdi «Qədim zamanlarda “Aveldə məsləhət alın” deyərdilər və işləri belə həll edərdilər. 19 Mən İsrailin rifahını istəyən sadiq adamlardan biriyəm. Sən İsraildə şəhərlərin anası olan bir şəhəri dağıtmaq istəyirsən. Axı nə üçün Rəbbin irsini məhv etmək istəyirsən?» 20 Yoav cavab verdi: «Dağıtmaq yaxud məhv etmək niyyəti məndən uzaq, qoy uzaq olsun! 21 İş burasındadır ki, Efrayimin dağlıq bölgəsindən Bikri oğlu Şeva adlı bir adam padşah Davuda qarşı üsyan qaldırıb. Yalnız onu bizə verin, mən də bu şəhərdən çəkilim». Qadın Yoava dedi: «Onun başı şəhər divarından sənə atılacaq». 22 Qadın ağıllı tərpənib xalqının yanına getdi. Onlar da Bikri oğlu Şevanın başını kəsib Yoava atdı. Bundan sonra Yoav şeypur çaldı və ordu şəhərin mühasirəsindən çəkildi. Hamı öz evinə qayıtdı. Yoav isə Yerusəlimə – padşahın yanına qayıtdı.
23 Yoav bütün İsrail ordusunun başçısı idi. Yehoyadanın oğlu Benaya Keretlilərin və Peletlilərin qabağında idi. 24 Adoram mükəlləfiyyətçilərin başçısı və Axilud oğlu Yehoşafat salnaməçi idi. 25 Şeva mirzə, Sadoqla Evyatar kahin, 26 Yairli İra isə Davudun kahini idi.