1 Yeddinci ayda, ayın birində müqəddəs toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin. O gün sizin üçün şeypur çalma günü olacaq. 2 Yandırma qurbanını Rəbbin xoşuna gələn ətir kimi qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu olmaqla verin. 3 Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa, 4 yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin. 5 Özünüzü kəffarə etmək üçün günah qurbanı olaraq bir təkə də təqdim edin. 6 Aylıq və gündəlik yandırma qurbanları ilə lazımi taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Bu, Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir.
7 * Həmin yeddinci ayın onunda müqəddəs toplantı keçirin; özünüzü hər şeydən məhrum edin və heç bir iş görməyin. 8 Rəbbə xoş ətir kimi yandırma qurbanı olaraq bir buğa, bir qoç, birillik yeddi erkək toğlu təqdim edin. Onlar qüsursuz olmalıdır. 9 Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa, 10 yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin. 11 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Kəffarələr üçün günah qurbanına, daimi yandırma qurbanına, onun taxıl təqdiminə və onların içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
12 * Yeddinci ayın on beşinci günündə müqəddəs toplantı keçirin; heç bir gündəlik işlərinizi görməyin. Rəbbin şərəfinə yeddi gün bayram keçirin. 13 Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz on üç buğa, iki qoç və birillik on dörd erkək toğlu verin. Onlar qüsursuz olmalıdır. 14 Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, hər qoç üçün onda iki efa, 15 on dörd toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin. 16 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
17 İkinci gün qüsursuz on iki buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 18 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 19 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
20 Üçüncü gün qüsursuz on bir buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 21 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 22 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
23 Dördüncü gün qüsursuz on buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 24 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 25 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
26 Beşinci gün qüsursuz doqquz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 27 Buğa, qoç və toğluların sayına görə lazımi taxıl və içmə təqdimlərini gətirin. 28 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
29 Altıncı gün qüsursuz səkkiz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 30 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 31 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
32 Yeddinci gün qüsursuz yeddi buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 33 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 34 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
35 * Səkkizinci gün özünüz üçün təntənəli toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin. 36 Yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin. 37 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 38 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
39 Əhdə görə və könüllü təqdimlərinizdən əlavə təyin olunan bayramlarınızda Rəbbə bu yandırma qurbanlarınızı, taxıl təqdimlərinizi, içmə təqdimlərinizi və ünsiyyət qurbanlarınızı təqdim edin”».
40 Musa Rəbbin ona əmr etdiyi hər şeyi İsrail övladlarına bildirdi.
1 Musa İsrail övladlarının qəbilə başçılarına dedi: «Rəbb belə əmr etmişdir: 2 * bir kişi Rəbbə əhd edərək yaxud and içərək öhdəsinə nə isə götürərsə, verdiyi sözü pozmasın, ağzından çıxan hər şeyi yerinə yetirsin.
3 Əgər atasının evində yaşayan gənc qız Rəbbə əhd edib öhdəsinə nə isə götürərsə, 4 lakin atası onun əhdini və öhdəsinə götürdüyü şeyi eşidəndə ona qarşı çıxmazsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylərin hamısı qüvvədə qalar. 5 Amma atası bunları eşidən gün mane olarsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar, çünki atası mane olmuşdur.
6 Əgər qız əhd yaxud düşünmədən öhdəsinə bir şey götürdükdən sonra ərə gedərsə, 7 bunu eşidən əri həmin gün ona qarşı çıxmazsa, onun etdiyi əhdlər və düşünmədən öhdəsinə götürdüyü şeylər qüvvədə qalar. 8 Amma əri bunu eşidən gün mane olarsa, gəlinin etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar.
9 Dul yaxud boşanan qadının əhdi və öhdəsinə götürdüyü hər şey qüvvədə qalar.
10 Əgər ərli bir qadın əhd edər yaxud öhdəsinə nə isə götürərsə, 11 əri bunu eşidəndə ona qarşı çıxmayıb mane olmazsa, qadının bütün əhdləri yaxud öhdəsinə götürdüyü şeylər qüvvədə qalar. 12 Amma əri bunları eşidən gün ona mane olarsa, qadının bütün əhdləri və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Əri mane olduğu üçün Rəbb qadını bağışlayar. 13 Əri qadının özünü məhrum etmək üçün etdiyi əhdləri yaxud and içərək öhdəsinə götürdüyü şeyləri təsdiq edə bilər ya da mane ola bilər. 14 Əgər əri bir gün içində bu barədə ona qarşı çıxmazsa, bütün əhdləri yaxud öhdəliklərini təsdiqləmiş olur. Onları eşidən gün qadına qarşı çıxmamaqla təsdiqləmiş sayılar. 15 Əgər onları eşitdikdən bir müddət sonra mane olursa, qadının cəzasını əri çəkər».