1 Rəbb İsraillilərə hər tərəfdən düşmənlərindən əmin-amanlıq verəndən sonra uzun müddət keçdi. Artıq Yeşua qocalıb yaşa dolmuşdu. 2 O bütün İsraili, ağsaqqalları, başçıları, hakimləri və məmurları çağırdı və onlara dedi: «Mən qocalmışam, yaşım çoxdur. 3 Allahınız Rəbbin sizin uğrunuzda bütün bu millətlərə nə etdiyini gördünüz, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşdü. 4 Budur, İordan çayından qərb tərəfə Böyük dənizə qədər qırdığım bütün millətlərin torpaqları ilə birlikdə qalan bu millətlərin də torpaqlarını qəbilələriniz üçün irs olaraq payladım. 5 Allahınız Rəbb Özü onları qarşınızdan silib atacaq və onları gözünüzün qarşısından qovacaq. Allahınız Rəbbin sizə söz verdiyi kimi onların torpağına sahib olacaqsınız. 6 Musanın Qanun kitabında yazılan hər şeyi saxlayıb yerinə yetirmək üçün çox diqqətli olun ki, ondan nə sağa, nə də sola dönəsiniz. 7 Sizinlə qalan bu millətlərə qarışmayın, allahlarının adını çəkməyin, onlara and içməyin, onlara qulluq etməyin, onlara səcdə qılmayın. 8 Yalnız bu günə qədər etdiyiniz kimi Rəbbə etibar edin. 9 Çünki Rəbb qarşınızdan böyük və qüvvətli millətləri qovdu, ona görə də bu günə qədər sizin qarşınızda heç kim dura bilmədi. 10 * * Sizdən bir adam min adamı qova bildi, çünki Allahınız Rəbb sizə dediyi kimi sizin üçün Özü döyüşdü. 11 Öz canınız xatirinə Allahınız Rəbbi sevməyə cəhd edin. 12 Əgər geri dönsəniz, sizin aranızda yaşayan bu millətlərdən qalanlara bağlansanız, onlarla qohum olsanız, onlarla qaynayıb-qarışsanız, 13 yaxşı bilin ki, Allahınız Rəbb bu millətləri gözünüz qarşısından bir daha qovmayacaq. Allahınız Rəbbin verdiyi bu nemətli torpaq üzərindən yox olana qədər onlar sizin üçün kəmənd, tələ, böyürlərinizə qamçı və gözlərinizə tikan olacaq.
14 Budur, bu gün mən də hamı kimi dünyadan köçəcəyəm. Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı. 15 Allahınız Rəbbin sizə vəd etdiyi bütün nemətli şeylər necə yerinə yetdisə, verdiyi bu yaxşı torpaq üzərindən sizi həlak edənə qədər bütün pis şeyləri də Rəbb beləcə sizin başınıza gətirəcək. 16 Əgər Allahınız Rəbbin sizə buyurduğu əhdi pozsanız, gedib başqa allahlara qulluq etsəniz, onlara səcdə qılsanız, Rəbbin qəzəbi sizə qarşı alovlanacaq və sizə verdiyi nemətli torpaq üzərindən tezliklə yox olacaqsınız».
1 Yeşua İsrailin bütün qəbilələrini Şekemə topladı və İsrailin ağsaqqallarını, başçılarını, hakimlərini və məmurlarını çağırdı. Onlar Allahın hüzurunda durdular. 2 * Yeşua bütün xalqa dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İbrahimin, Naxorun atası Terah və atalarınız keçmişdə Fərat çayının o biri tayında yaşayırdılar. Onlar başqa allahlara qulluq edirdilər. 3 * * Atanız İbrahimi Fərat çayının o biri tayından gətirib bütün Kənan torpağında gəzdirdim, nəslini çoxaldaraq ona İshaqı verdim. 4 * * * İshaqa Yaqubu və Esavı verdim. Esavın mülk sahibi olması üçün Seir dağını ona verdim. Yaqubla övladları isə Misirə getdilər. 5 * Musa ilə Harunu göndərib Misiri bəlalara düçar etdim və sonra sizi oradan çıxartdım. 6 * Atalarınızı Misirdən çıxartdım, siz Qırmızı dənizə tərəf gəldiniz. Misirlilər Qırmızı dənizə qədər döyüş arabaları və süvarilərlə atalarınızı təqib etdilər. 7 Onlar Rəbbə fəryad edəndə O, Misirlilərlə sizin aranızda qaranlıq yaratdı, onların üstünə dənizi gətirdi, onlar suların altında qaldılar. Misirdə etdiyim şeyləri gözünüzlə gördünüz və uzun müddət səhrada yaşadınız.
8 * Sizi İordan çayının şərq tərəfində yaşayan Emorlular torpağına gətirdim, onlar sizinlə vuruşanda onları sizə təslim etdim, torpaqlarını isə mülk olaraq aldınız və hamısını qarşınızdan yox etdim. 9 * Moav padşahı Sippor oğlu Balaq qalxıb İsraillilərlə vuruşdu və xəbər göndərib Beor oğlu Bilamı sizə lənət etmək üçün çağırdı. 10 Lakin Bilamı eşitmək istəmədim. O da ancaq xeyir-dua verdi. Beləcə sizi onun əlindən azad etdim. 11 * * İordan çayından keçib Yerixoya gəldiniz. Yerixo adamları, Emorlular, Perizlilər, Kənanlılar, Xetlilər, Qirqaşlılar, Xivlilər, Yevuslular sizə qarşı vuruşdular, lakin onları sizə təslim etdim. 12 Sizin önünüzcə eşşəkarısı çıxarıb onunla Emorluların iki padşahını qarşınızdan qovdum. Bu iş sizin qılıncınızla və ox-kamanınızla olmadı. 13 * Üzərində işləmədiyiniz bir torpağı, tikmədiyiniz şəhərləri sizə verdim ki, orada yaşayasınız. Salmadığınız bağlardan və zeytunluqlardan yeyirsiniz”.
14 Ona görə də Rəbdən qorxun, səmimiyyətlə və sədaqətlə Ona qulluq edin. Fərat çayının o biri tərəfində və Misirdə atalarınızın qulluq etdiyi allahları atın, yalnız Rəbbə qulluq edin. 15 Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək».
16 Xalq cavab verdi: «Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun! 17 Çünki bizi və atalarımızı Misir torpağından – köləlik diyarından çıxaran, gözümüzün qarşısında bu böyük əlamətləri göstərən və getdiyimiz bu yolda, arasından keçdiyimiz bütün xalqlar arasında bizi qoruyan yalnız Allahımız Rəbdir. 18 Rəbb bütün xalqları, bu torpaqda yaşayan Emorluları qarşımızdan qovdu. Biz də Rəbbə qulluq edəcəyik, çünki Allahımız Odur».
19 Yeşua xalqa dedi: «Rəbbə qulluq edə bilməzsiniz, çünki O, müqəddəs Allahdır. O, qısqanc Allahdır, qanunsuzluğunuzu və günahlarınızı bağışlamayacaq. 20 Əgər Rəbbi tərk edib yad allahlara qulluq etsəniz, sizə yaxşılıq edən Rəbb əleyhinizə dönüb pislik edəcək və sizi məhv edəcək». 21 Xalq Yeşuaya dedi: «Xeyr, ancaq Rəbbə qulluq edəcəyik». 22 Yeşua xalqa dedi: «Qulluq etmək üçün Rəbbi seçdiyinizə siz özünüz şahidsiniz». Onlar «biz şahidik» dedilər. 23 Yeşua dedi: «Elə isə indi aranızda olan yad allahları atın, ürəyinizi İsrailin Allahı Rəbbə meyl etdirin». 24 Xalq Yeşuaya dedi: «Allahımız Rəbbə qulluq edəcəyik və yalnız Onun sözünə qulaq asacağıq».
25 Yeşua o gün xalqla əhd bağladı. Onlar üçün Şekemdə qanun və hökm qoydu. 26 Yeşua bu sözləri Allahın Qanun kitabına yazdı. Sonra böyük bir daş götürüb Rəbbin Müqəddəs məkanının yanında olan palıd ağacı altında yerləşdirdi. 27 Yeşua bütün xalqa dedi: «Budur, bu daş bizə qarşı şahid olacaq, çünki Rəbbin bizə dediyi bütün sözləri o eşitdi. Qoy bu daş Allahınızı inkar etməmək üçün sizə qarşı şahid olsun». 28 Bundan sonra bütün xalqı irs aldığı torpaqlara göndərdi.
29 Bu hadisələrdən sonra Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi. 30 * Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsindəki Timnat-Serahda irs olan torpağının sahəsində dəfn etdilər.
31 Yeşuanın bütün ömrü boyu və ondan sonra sağ qalan, Rəbbin İsrail üçün etdiyi bütün işləri bilən ağsaqqalların ömrü boyu İsrail xalqı Rəbbə qulluq etdi.
32 * * İsraillilər Misirdən çıxarkən Yusifin sümüklərini özləri ilə götürmüşdülər. Bunları Yaqubun Şekemdəki tarlasında basdırdılar. Yaqub bu tarlanı Şekemin atası Xamorun övladlarından yüz parça gümüşə satın almışdı və bu torpaq Yusif övladlarının irsi oldu.
33 Bundan sonra Harun oğlu Eleazar öldü. Onu Efrayimin dağlıq bölgəsində oğlu Pinxasa verilən təpədə dəfn etdilər.
İsa Marta və Məryəmin evində