7 * Edom barədə Ordular Rəbbi belə deyir:
«Teman şəhərində müdriklik qalmadımı?
Ağıllı adamların nəsihəti tükəndimi?
Onların müdrikliyi söndümü?
8 Qaçın, arxaya dönün,
Dərin mağaralarda gizlənin,
Ey Dedanda yaşayanlar!
Çünki Esavı cəzalandırdığım vaxt
Başına fəlakət gətirəcəyəm.
9 Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,
Bir neçə salxımı saxlamazdılarmı?
Gecə oğrular gəlsəydi,
Yalnız istədiklərini oğurlamazdılarmı?
10 Amma mən Esavı çıl-çılpaq soyunduracağam.
Onun gizli yerlərini aşkar edəcəyəm.
Özü də gizlənə bilməyəcək,
Övladları, qohum-qonşuları həlak olacaq,
Özü də məhv olacaq.