Fevral 9.mp3

Levililər 1

1 Rəbb Musanı Hüzur çadırından çağırıb belə dedi: 2 «İsrail övladlarına bəyan et və de: “Sizdən bir nəfər öz heyvanlarından Rəbbə qurban gətirəndə qoy qurbanlığı mal-qara yaxud qoyun-keçi olsun.

3 Əgər qurbanı bir baş mal-qaradan ibarət yandırma qurbanıdırsa, bu qüsursuz erkək heyvan olsun. Bu qurbanın Rəbbin hüzurunda məqbul olması üçün onu gətirən adam onu Hüzur çadırının girişinə gətirsin. 4 O adam əlini yandırma qurbanının başına qoysun ki, qurban özü üçün kəffarə kimi qəbul olunsun. 5 O, buğanı Rəbbin önündə kəssin. Harun nəslindən olan kahinlər qanı təqdim edərək Hüzur çadırının girişi yanındakı qurbangahın hər tərəfinə səpsinlər. 6 Sonra o adam yandırma qurbanının dərisini soyub qurbanı parça-parça doğrasın. 7 Kahin Harunun övladları qurbangahda od qalayıb üstünə odun düzsünlər. 8 Harun nəslindən olan kahinlər buğanın başını və piyini parça-parça doğranmış hissələrlə birlikdə qurbangahın odunları ilə qalanan od üstünə düzsünlər. 9 Qurbanın içalatı və budlarını isə o adam su ilə yusun. Kahin bunların hamısını qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

10 Əgər kiminsə yandırma qurbanı qoyun-keçidən ibarətdirsə, qoy bu qüsursuz erkək heyvan olsun. 11 Onu qurbangahın şimal tərəfində, Rəbbin önündə kəssin; Harun nəslindən olan kahinlər isə heyvanın qanını qurbangahın hər tərəfinə səpsinlər. 12 Sonra o adam heyvanı parça-parça doğrasın, başını və piyini kəssin; xidmət edən kahin də qurbanı qurbangahın odunları ilə qalanan od üstünə düzsün. 13 İçalatı və budları isə o adam su ilə yusun. Kahin bunların hamısını təqdim edib qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətirli təqdimdir.

14 Əgər kiminsə Rəbbə yandırma qurbanı quşdan ibarətdirsə, qoy qumru quşlarından yaxud göyərçinlərdən qurban gətirsin. 15 Kahin onu qurbangaha gətirsin, boynunu üzüb başını qurbangahda tüstülədib yandırsın; qanı isə qurbangahın yan tərəfindən axıdılsın. 16 Kahin quşun çinədanını lələkləri ilə çıxarıb qurbangahın şərq tərəfinə, küllüyə atsın. 17 Sonra o, qanadlarını tutaraq quşu yırtsın, amma iki yerə bölməsin. Bundan sonra kahin quşu qurbangahda odunla qalanan od üstündə tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

Levililər 2

1 Kimsə Rəbbə taxıl təqdimi gətirərsə, təqdimi narın un olsun, üstünə də zeytun yağı töküb kündür * qoysun. 2 Onu Harun nəslindən olan kahinlərə gətirsin. Sonra isə kahin bir ovuc unla yağ və kündürün hamısını götürərək qurbangahda xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 3 Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyünə görə ən müqəddəsdir.

4 Təndirdə bişirilmiş taxıl təqdimi gətirəndə zeytun yağı ilə narın undan yoğrulmuş mayasız kökələr və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar təqdim et.

5 Əgər təqdimin sacda bişmiş taxıl təqdimidirsə, onu narın undan, zeytun yağı ilə yoğrulmuş mayasız kökə kimi bişir. 6 Onu ov və üstünə zeytun yağı tök. Bu, taxıl təqdimidir.

7 Əgər təqdimin tavada bişən taxıl təqdimidirsə, onu narın undan zeytun yağı ilə hazırla.

8 Bu üsullarla hazırlanan taxıl təqdimini Rəbbin yanına gətir və kahinə təqdim et. O da təqdimini qurbangaha aparsın. 9 Kahin bu təqdimdən xatirə təqdimi kimi pay götürərək qurbangahda tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 10 Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyü üçün ən müqəddəsdir.

11 Rəbbə gətirilən heç bir taxıl təqdimi mayalı xəmirdən hazırlanmasın. Tərkibində ya maya ya da bal olan təqdim Rəbb üçün yandırma təqdimi kimi tüstülədilib yandırılmasın. 12 Bunları ilk məhsul təqdimləri kimi Rəbbin yanına gətirin. Amma xoşa gələn ətir kimi qurbangahda təqdim olunmasın. 13 Taxıl təqdimlərinin hər birini duzla, onlardan Allahınla əhdinin duzunu əsirgəmə. Bütün təqdimlərini duzla.

14 Əgər sən Rəbbə nübarından taxıl təqdimini gətirsən, onda təzə taxılı odda qovurub yarmasını təqdim et. 15 Onun üstünə zeytun yağı və kündür qoy. Bu, taxıl təqdimidir. 16 Kahin bir az yarma və zeytun yağı götürərək bütün kündürlə xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbb üçün verilən yandırma təqdimidir.

Levililər 3

1 Əgər kimsə ünsiyyət qurbanı gətirsə və qurbanlıq heyvan mal-qaradandırsa, qoy o, Rəbbin hüzuruna qüsursuz erkək və ya dişi heyvan gətirsin. 2 Qoy adam əlini qurbanlığın başına qoyub Hüzur çadırının girişində kəssin və Harun nəslindən olan kahinlər qanı qurbangahın hər tərəfinə səpsinlər. 3 Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən piyi və üstündəki piyi, 4 belindəki hər iki böyrəyi, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 5 Bunları Harun övladları qurbangahda odunlarla qalanan od üstündəki yandırma qurbanı ilə tüstülədib yandırsınlar. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

6 Əgər Rəbbə təqdim olunan ünsiyyət qurbanı qoyun-keçidəndirsə, qoy o, qüsursuz erkək və yaxud dişi heyvan gətirsin. 7 Əgər gətirdiyi qurban bir qoyundursa, qoy onu Rəbbin önündə belə təqdim etsin: 8 əlini qurbanın başına qoyub onu Hüzur çadırının qabağında kəssin, Harun övladları qanı qurbangahın hər tərəfinə səpsinlər. 9 Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: onurğayadək kəsdiyi quyruğunu, içalatı örtən piyi və üstündəki bütün piyi 10 belindəki hər iki böyrəyini, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 11 Bunları kahin qurbangahda tüstülədib yandırsın. Bu, Rəbb üçün yandırma təqdimi olaraq verilən paydır.

12 Əgər adamın qurbanlığı bir keçidirsə, qoy onu Rəbbin önündə belə təqdim etsin: 13 əlini heyvanın başına qoyub onu Hüzur çadırının qabağında kəssin. Harun övladları onun qanını qurbangahın hər tərəfinə səpsinlər. 14 Qoy o adam qurbandan bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən piyi və üstündəki bütün piyi, 15 belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 16 Kahin bunları qurbangah üstündə tüstülədib yandırsın. Bu, yemək – yandırma təqdimi, xoşa gələn ətirdir.

Bütün piy Rəbbə məxsusdur. 17 Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun: piyi də, qanı da yeməyin”».