1 Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi: 2 * Sara hamilə oldu və İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu. 3 İbrahim Saradan doğulan oğluna İshaq * adını qoydu. 4 * Allahın İbrahimə əmr etdiyi kimi o, oğlu İshaqı doğulandan səkkiz gün sonra sünnət etdi. 5 İshaq doğulanda İbrahimin yüz yaşı var idi. 6 Sara dedi: «Allah mənim üzümü güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə güləcək». 7 O yenə dedi: «Kim İbrahimə deyərdi ki, Sara uşaq əmizdirəcək? Amma qocalıq çağında mən ona bir oğul doğmuşam».
8 Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət verdi. 9 * Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür. 10 Sara İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq». 11 Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun oğlu idi. 12 * Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq. 13 Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir».
14 İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı. 15 Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu. 16 Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı.
17 Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi. 18 Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət törədəcəyəm». 19 Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi. 20 Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və mahir oxatan oldu. 21 O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı.
22 * O zaman Avimelek və onun ordu başçısı Pikol İbrahimə dedilər: «Sən nə etsən, Allah səninlədir. 23 İndi burada Allahın haqqına mənə and iç ki, nə mənə, nə oğluma, nə də nəvəmə xəyanət edəcəksən: mən sənə sadiq olduğum kimi sən də mənə və qaldığın torpağın adamlarına sadiq ol». 24 İbrahim «mən and içirəm» dedi.
25 Avimelekin adamlarının qəsb etdiyi su quyusundan ötrü İbrahim Avimeleki məzəmmət etdi. 26 Avimelek dedi: «Bilmirəm, bu işi kim etdi. Sən də mənə bildirmədin, mən ancaq indi eşidirəm». 27 İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd bağladı. 28 İbrahim sürüsündən yeddi dişi quzunu ayırıb qoydu. 29 Avimelek İbrahimə dedi: «Ayırıb qoyduğun bu yeddi dişi quzu nə üçündür?» 30 O dedi: «Bu yeddi dişi quzunu məndən götür ki, bu quyunu qazdığıma şəhadət olsun». 31 Buna görə də o buranı Beer-Şeva† adlandırdı, çünki onların ikisi də orada and içdi. 32 Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar. 33 İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin adını çağırdı. 34 İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı.
1 * Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O «Ey İbrahim!» deyə çağırdı. İbrahim «Buradayam!» dedi. 2 Allah dedi: «Sevdiyin yeganə oğlunu – İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et». 3 İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə iki nökərini və oğlu İshaqı götürdü. O, yandırma qurbanı üçün odun yardı və qalxıb Allahın dediyi yerə yollandı. 4 İbrahim üçüncü gün başını qaldırıb uzaqdan o yeri gördü. 5 O, nökərlərinə dedi: «Siz eşşəklə birlikdə burada qalın, mən uşaqla oraya gedəcəyəm. Səcdə edib, yanınıza qayıdarıq».
6 İbrahim yandırma qurbanı üçün odun götürüb oğlu İshaqın kürəyinə qoydu, odu və bıçağı isə özü götürdü. İkisi birlikdə getdilər. 7 İshaq atası İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam, oğlum». İshaq dedi: «Od və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?» 8 İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». İkisi birlikdə getdilər.
9 * Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib odunları düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu. 10 İbrahim əlini uzadıb oğlunu kəsmək üçün bıçağı götürdü. 11 Rəbbin mələyi göylərdən onu çağırdı: «İbrahim, İbrahim!» O «Mən buradayam!» dedi. 12 Mələk dedi: «Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin». 13 İbrahim başını qaldırıb baxdı və arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim etdi. 14 İbrahim o yeri Yahve-İre * adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq».
15 Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi: 16 * «Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə 17 * Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. 18 * Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”». 19 Sonra İbrahim öz nökərlərinin yanına qayıtdı və onlar qalxıb Beer-Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu.
20 Bir müddət sonra İbrahimə xəbər verib söylədilər: «Budur, Milka qardaşın Naxora oğullar doğdu: 21 ilk oğlu Us, onun qardaşı Buz, Aramın atası olan Qemuel, 22 Kesed, Xazo, Pildaş, İdlaf və Betuel». 23 Betueldən Rivqa törədi. Bu səkkiz övladı Milka İbrahimin qardaşı Naxora doğdu. 24 Onun adı Reuma olan cariyəsi də Tebahı, Qahamı, Taxaşı və Maakanı doğdu.
1 Sara yüz iyirmi yeddi il yaşadı; o bu qədər ömür sürdü. 2 Sara Kənan torpağında olan Qiryat-Arbada, yəni Xevronda öldü. İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi. 3 İbrahim cəsədin yanından gedib Xetlilərə dedi: 4 * «Mən sizin aranızda qərib və qonağam. Yanınızda qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki, öz ölümü götürüb orada basdırım». 5 Xetlilər İbrahimə cavab verdilər: 6 «Ey ağamız, bizə qulaq as: sən aramızda Allahın qoyduğu bir başçısan, öz ölünü də qəbirlərimizin ən yaxşısında basdır; ölünü basdırmaq üçün bizdən heç kəs qəbrini səndən əsirgəməz». 7 İbrahim qalxıb o ölkənin xalqı olan Xetlilərə təzim etdi. 8 Sonra onlarla danışıb dedi: «Əgər siz mənim ölümü basdırmağa razısınızsa, mənə qulaq asın: mənim üçün Sohar oğlu Efrondan xahiş edin ki, 9 tarlasının qurtaracağında ona məxsus olan Maxpela mağarasını mənə satsın, yanınızda qəbir düzəltmək üçün onu tam dəyəri ilə mənə versin».
10 Efron Xetlilərin arasında oturmuşdu. Xetli Efron şəhər darvazasının yanına yığılan bütün Xetlilərin önündə İbrahimə belə cavab verdi: 11 «Yox, ağam, mənə qulaq as: mən tarlanı və orada olan mağaranı sənə verirəm, öz xalqımın adamları önündə onu sənə verirəm; get ölünü basdır».
12 İbrahim o ölkənin xalqına təzim etdi. 13 Sonra o ölkənin xalqının yanında Efrona belə dedi: «Xahiş edirəm, mənə qulaq as: tarlanın dəyərini verirəm, onu məndən götür, qoy mən də öz ölümü orada basdırım». 14 Efron İbrahimə cavab verdi: 15 «Ay ağam, mənə qulaq as: torpağın qiyməti dörd yüz şekel gümüşdür; mənimlə sənin aranda bu nədir? Ölünü basdır». 16 İbrahim Efronun sözünü qəbul edib Xetlilərin yanında Efronun dediyi kimi tacirlərin tərəzi daşları ilə dörd yüz şekel gümüş çəkdi.
17 Beləcə Mamre qarşısındakı Maxpelada olan Efronun tarlası, oradakı mağara, tarlada və onun ərazisində olan bütün ağaclar 18 Xetlilərin gözü önündə – şəhər darvazasında yığılanların qarşısında İbrahimin mülkü oldu.
19 Bundan sonra İbrahim arvadı Saranı Kənan torpağında olan Mamre, yəni Xevron qarşısındakı Maxpela tarlasının mağarasında basdırdı. 20 Beləcə Xetlilər tarlanı və orada olan mağaranı qəbir düzəltmək üçün İbrahimə mülk verdilər.