1 Süleyman Misir padşahı fironun qızını arvad alaraq onunla müttəfiq oldu. Öz sarayı, Rəbbin məbədi və Yerusəlimin ətrafındakı divarlar tikilib qurtarana qədər arvadını Davudun şəhərinə gətirdi. 2 Xalq isə hələ səcdəgahlarda qurban gətirirdi, çünki o günlərə qədər Rəbbin adına tikilmiş bir məbəd yox idi. 3 Süleyman atası Davudun qanunlarına əməl edərək Rəbbi sevirdi, ancaq səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.
4 Padşah qurban gətirmək üçün Giveona getdi, çünki ora səcdəgahların ən böyüyü idi. Süleyman o qurbangahda min baş yandırma qurbanı təqdim etmişdi. 5 Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?» 6 Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın. 7 İndi, ya Rəbb Allahım, Öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm. 8 Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır. 9 İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?» 10 Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi. 11 Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin, 12 Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq. 13 Hətta sənə istəmədiyini – var-dövləti də, şöhrəti də verirəm; belə ki bütün ömrün boyu padşahlar arasında sənin kimisi olmayacaq. 14 Əgər sən də atan Davud kimi qanunlarıma və əmrlərimə əməl edib yolumla getsən, sənin ömrünü də uzadacağam».
15 Süleyman oyandı. Bu, bir yuxu idi. Sonra Yerusəlimə gəldi. Xudavəndin Əhd sandığının önündə durub yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi və bütün əyanları üçün ziyafət verdi.
16 Bir gün iki fahişə qadın gəlib padşahın hüzurunda durdu. 17 Qadınlardan biri dedi: «Yalvarıram, ay ağam! Mən bu qadınla bir evdə yaşayıram. Bu evdə onun yanında uşaq doğdum. 18 Mən doğandan sonra üçüncü gün bu qadın da doğdu. Biz bir yerdə olurduq, evdə bizdən başqa heç kəs yox idi, yalnız ikimiz idik. 19 Gecə bu qadın yatanda oğlu onun altında qalıb öldü. 20 Kənizin yuxuda ikən gecə yarısı bu qadın qalxaraq oğlumu yanımdan götürüb öz qoynuna almış, ölü oğlunu isə mənim qoynuma qoymuşdur. 21 Səhər oğlumu əmizdirmək üçün duranda gördüm ki, o ölüb. Amma sonra diqqətlə baxanda bildim ki, bu mənim doğduğum uşaq deyil».
22 O biri qadın isə dedi: «Yox, sağ olan uşaq mənim oğlumdur, ölən isə səninkidir». Amma birinci qadın dedi: «Yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». Padşahın önündə onlar beləcə mübahisə edirdilər.
23 Padşah dedi: «Biri deyir, sağ olan uşaq mənim oğlumdur, ölən səninkidir; o biri isə deyir, yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». 24 Padşah yenə dedi: «Mənə qılınc gətirin!» Padşaha qılınc gətirdilər. 25 Padşah dedi: «Sağ olan uşağı iki yerə bölün: yarısını birinə, yarısını isə o birinə verin!» 26 Oğlu sağ olan qadın balası üçün ürəyi yandığına görə padşaha belə söylədi: «Aman, ağam, sağ olan uşağı ona verin, amma öldürməyin». O biri isə dedi: «Bölün, qoy nə onun olsun, nə mənim». 27 Onda padşah cavab verib dedi: «Sağ olan uşağı birinci qadına verin, onu öldürməyin, uşağın anası odur».
28 Bütün İsraillilər padşahın verdiyi hökmü eşidib ona hörmət etdilər, çünki gördülər ki, hökm etmək üçün onda Allahın hikməti var.
1 Padşah Süleyman bütün İsrail üzərində hökmran idi. 2 Əyanları da bunlar idi: Kahin – Sadoq oğlu Azarya; 3 Mirzələr – Şişanın oğulları Elixoref və Axiya; Salnaməçi – Axilud oğlu Yehoşafat; 4 Ordu başçısı – Yehoyada oğlu Benaya; Kahinlər – Sadoq və Evyatar; 5 Baş vali – Natan oğlu Azarya; Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud; 6 Saray rəisi – Axişar; Mükəlləfiyyətçilər üzərində nəzarətçi – Avda oğlu Adoniram. 7 Bütün İsrail üzərində Süleymanın on iki bölgə valisi var idi. Onlar padşahı və onun evini ərzaqla təmin edirdilər və hər biri ildə bir aylıq ərzaq göndərməli idi. 8 Onların adları belədir: Efrayimin dağlıq bölgəsində Ben-Xur; 9 Maqas, Şaalvim, Bet-Şemeş və Elon-Bet-Xanan bölgələrində Ben-Deqer; 10 Soko və bütün Xefer torpağının da aid olduğu Arubbot bölgəsində Ben-Xesed; 11 bütün Nafat-Dor bölgəsində Süleymanın qızı Tafatın əri olan Ben-Avinadav; 12 Taanak, Megiddo, İzreelin altındakı Sartanın yanında olan bütün Bet-Şean bölgəsində və Bet-Şeandan Avel-Mexolaya, Yoqmeamın o biri tərəfinə qədər uzanan bölgədə Axilud oğlu Baana; 13 Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever; 14 Maxanayim bölgəsində İddo oğlu Axinadav; 15 Naftali torpağında Süleymanın qızı Basmatı arvad alan Aximaas; 16 Aşer torpağında və Alot bölgəsində Xuşay oğlu Baana; 17 İssakar torpağında Paruah oğlu Yehoşafat; 18 Binyamin torpağında Ela oğlu Şimey; 19 Gilead torpağında, yəni keçmişdə Emorluların padşahı Sixona və Başan padşahı Oqa məxsus olan ölkədə bu bölgənin yeganə valisi olan Uri oğlu Gever.
15 Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 16 İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17 Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18 çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19 Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20 Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21 İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22 Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23 Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24 Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25 Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26 İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm».
<aside> ➡️
</aside>
<aside> 🔙
</aside>
<aside> 🔝
</aside>